“Elektron Hökumət” (www. e - gov .az) portalına daxil olma vasitələri sadələşdirilmişdir
Bakı, 10 oktyabr (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanan elektron xidmət sayəsində “Elektron hökumət” (www.e-gov.az) portalına daxil olma vasitələri sadələşdirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bundan sonra vətəndaşlar “Elektron hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırmışdır. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkandan, o cümlədən də evdən www.e-gov.az portalına giriş imkanı verən prosedurları həyata keçirə biləcəkdir. Yeni xidmət istifadəçi ilə bağlı məlumatların sistemdə tanınması-identifikasiya edilməsi üçün yeni üsulların tətbiqini nəzərdə tutur. Portaldan istifadə etmək istəyən vətəndaş ona kod və parolun verilməsi üçün elektron qaydada müraciət edəcəkdir. Bu prosesdə şəxsiyyət vəsiqəsi ilə yanaşı, vətəndaşın öz adına olan mobil telefon nömrəsi və ümumvətəndaşlıq pasportu (xarici pasport), sürücülük vəsiqəsi, Dövlət Sosial Sığorta Şəhadətnaməsi kimi müvafiq sənədlərin birindən istifadə olunacaqdır. Sözügedən sənədlər elektron ərizə ilə müraciət zamanı vətəndaşla bağlı məlumatların düzgünlüyünü, həqiqiliyini yoxlamaq üçün dəqiqləşdirmə aparılmasına, bu məlumatların sistem tərəfindən yoxlanmasına - identifikasiya edilməsinə yaranan ehtiyacın aradan qaldırılmasına xidmət edir. Bundan sonra identifikasiya vasitəsi olaraq, sadalanan sənədlərdən birindəki məlumatlar ilə şəxsiyyət vəsiqəsindəki məlumatlarla tutuşdurulması təmin ediləcək, eyniliyi yoxlanılacaqdır. Beləliklə vətəndaşın fiziki identifikasiyasına ehtiyac qalmayacaqdır.
Hazırda “Elektron xidmətlər” portalına 3 yolla daxil olmaq mümkündür. RİTN tərəfindən verilən e-imza kartı ilə daxil olmaq üçün yalnız RİTN tərəfindən fiziki və ya hüquqi şəxs kimi e-imza kartı almış vətəndaş autentifikasiya olaraq bölməyə daxil ola bilər. Həmçinin hüquqi şəxslər RİTN tərəfindən verilmiş e-imza kartı ilə autentifikasiya olaraq bu bölmənin müxtəlif xidmətlərdən istifadə edə bilərlər. “E-gov” portalında “Elektron hökumət sistemi tərəfindən vətəndaşa verilmiş kod ilə daxil olmaq” bölməsində isə hüquqi və fiziki şəxslər, o cümlədən dövlət qulluqçuları verilmiş kod, parol ilə sistemə daxil olaraq müxtəlif xidmətlərdən istifadə edə bilərlər. “Fərdi sahibkarın (vergi ödəyicisinin) istifadəçi kodu ilə daxil olmaq” bölməsində isə vergi ödəyiciləri, sahibkar kimi vahid pəncərə sistemi ilə Vergilər Nazirliyində qeydiyyatdan keçdiyi zaman onlara verilən istifadəçi kodu və parolu vasitəsilə sistemə daxil olub müxtəlif xidmətlərdən istifadə edə bilərlər.
Qeyd edək ki, “Elektron hökumət” (www.e-gov.az) portalına daxil olma vasitələrinin sadələşdirilməsi vətəndaşın elektron xidmətlərdən istifadəsində rahatlığı təmin edəcək, ona əlavə vaxt qazandıracaqdır. Yenilik, həmçinin “Elektron hökumət” portalından istifadə edənlərin sayını da xeyli artıracaqdır.