Elektron-xidmətlər yeni biznes sahələrinin yaranmasında və inkişafında mühüm əhəmiyyətə malikdir
Bakı, 17 iyul, Xatirə Cəfərova, AZƏRTAC
"Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi istər texniki, istərsə də təklif etdiyi innovativ xidmətlər vasitəsilə biznes sahələrini dəstəkləyir.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, hazırda bank və lizing şirkətləri ilə əməkdaşlıq çərçivəsində e-arayışlar ilə portal üzərindən 25-dək sadələşdirilmiş xidmət təklif olunur. Bundan əlavə, mərkəz Açıq Hökumət Məlumatları (AHM) üzrə startup layihələrinin təşkilatçısı və iştirakçısı kimi fəaliyyət göstərir. AHM ictimai xarakter daşıyan informasiyanı (iqtisadi inkişaf statistikası, hava proqnozu, yağmur xəritəsi, seysmik zonalar xəritəsi, poçt məntəqələri, taksafon aparatları, benzin doldurma məntəqələri, nəğd ödəniş terminalları, rabitə tarifləri, şəhərlər arası və beynəlxalq kodlar və s.) vətəndaşların istifadəsinə təqdim edir. Bu məlumatlardan heç bir patent, ödəniş, lisenziya, icazə və məhdudiyyət olmadan istifadəçilər istənilən vaxt, istənilən formada yararlana bilərlər.
İstənilən biznesin təşkilində və inkşafında vaxta qənaətlə yanaşı məlumat mübadiləsi zamanı ötürülən informasiyanın təhlükəsizliyinin qorunması mühümdür. E-əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın kimliyinin ayırd edilə bilməsi biznes üçün vacibdir. E-imzanın kağız əməliyyatlarının ləğvi, sənədlərlə iş prosesində şəffaflıq, eyni sənədlə istənilən sayda istifadəçinin işləmə imkanı, hesabatların hazırlanmasında avtomatlaşdırma, idarəetmə effektivliyinin yüksəldilməsi və s. kimi istifadə səmərələri mövcuddur.