ELEKTRONİKANIN TƏDRİSİNƏ DAİR YENİ KİTAB
Azərbaycan Dövlət Neft Akademiyasının avtomatika, telemexanika və elektronika kafedrasının müdiri, professor Ramiz Hümbətovun tərtib etdiyi iki cilddən ibarət “Elektronika” kitabı latın qrafikasında çapdan çıxmışdır. Kitablar Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq edilmiş və “Maarif” nəşriyyatının qrifi ilə nəşr olunmuşdur.
Elektron cihazlarına həsr olunmuş birinci cilddə yarımkeçirici, qazboşalmalı və vakuumlu cihazların əsas növlərinin quruluşu, iş prinsipləri, dövrəyə qoşulma sxemləri, xarakteristikaları, parametrləri, tətbiq sahələri və s. haqqında geniş məlumatlar toplanmışdır.
İkinci cilddə yarımkeçirici cihazlarda və inteqral mikrosxemlərdə yığılmış, analoq və impulsşəkilli siqnallar üzərində müxtəlif çevrilmələr aparan elektron qurğularının - açarların, məntiq elementlərinin, gücləndiricilərin, generatorların, sayğacların, registrlərin, kod çeviricilərinin, siqnal formalaşdırıcılarının, düzləndiricilərin, hamarlayıcı süzgəclərin, stabilizatorların və s. təsnifatı, onların prinsipial və ekvivalent sxemləri araşdırılır, iş prinsipləri şərh edilir, əsas parametrləri, xarakteristikaları, səciyyəvi xüsusiyyətləri və təyinatları haqqında məlumat verilir.
Kitabın tərtibində müəllifin mühazirələrinin materiallarından istifadə olunmuş və eyni zamanda son vaxtlar nəşr edilmiş dərslik və dərs vəsaitlərindəki materialların seçilməsinə, ardıcıl və məqsədyönlü izahına, bəzi mürəkkəb mövzuların sadələşdirilməsinə səy göstərilmişdir.
Elektron cihazları və qurğuları haqqında Azərbaycan dilində geniş məlumat verən bu ilk dərs vəsaiti ali məktəblərin və texnikumların elektron texnikası, avtomatika və idarəetmə, elektrotexnika və elektromexanika, radiotexnika ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Yeni nəşr həmin sahələrdə çalışan mütəxəssislər üçün də faydaldır.