Əli Kazımov: Bu qələbə bizə ömürlük zəfər sevinci yaşadıb
Moskva, 7 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü düzgün daxili və xarici siyasətin nəticəsi olaraq 2020-ci il ölkənin Zəfər tarixi kimi yaddaşlara yazılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti” təşkilatının sədri Əli Kazımov söyləyib. O qeyd edib ki, 44 günlük müharibə dövründə xalqımız birmənalı və qətiyyətli həmrəylik nümayiş etdirərək Azərbaycanın Zəfər və şərəf tarixini yazan sərkərdə İlham Əliyevin ətrafında sıx birləşdiyini göstərdi.
“Təkcə Azərbaycanda yaşayan deyil, dünyanın hər yerində, o cümlədən Rusiya yaşayan azərbaycanlılar da bu 44 günlük müharibədə doğma Vətənimizə, xalqımıza öz dəstəklərini göstərdilər”,- deyə Ə.Kazımov bildirib.
Soydaşımızın sözlərinə görə, sədri olduğu təşkilatın bütün üzvləri ilə birgə Rusiyada Azərbaycanın haqq işi barədə məlumatların yayılmasına çalışıb, Ağdam, Cəbrayıl, Şuşa, Qubadlı, Zəngilan və digər bölgələrimizin işğal tarixlərində tədbirlər keçirərək, Qarabağ həqiqətlərindən danışıblar.
Ə.Kazımov deyib: “Təşkilat üzvləri 2020-ci ilin iyul ayında baş verən Tovuz hadisələri zamanı şəhid olmuş hərbçilərimizin əziz xatirəsinə həsr olunmuş anım tədbirləri keçirərək Rusiya mediasına geniş və düzgün məlumatların catdırılmasını özümüzə borc bilmişik. Elə İkinci Qarabağ müharibəsi dövründə də Vətəndən uzaqda olsaq da xalqımıza daim maddi və mənəvi dəstəyimizi əsirgəməmişik.
Bu gün mən bir şəhid qardaşı kimi də qürur hissi ilə möhtəşəm Zəfər Gününü gözləyirəm. Bu gün şanlı Zəfər sevincini bizə yaşadan Ali Baş komandanımız İlham Əliyev başda olmaqla Milli Ordumuza dərin minnətdarlığımı bildirir, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların qanı, canı bahasına əldə edilən bu Qələbə bizə ömürlük Zəfər sevinci yaşadıb”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva