Əliağa Şıxlinski döyüş meydanlarında göstərdiyi şücaətlər sayəsində hərb tarixinə parlaq səhifələr yazıb
Bakı, 17 mart, Məhərrəm Əlioğlu, AZƏRTAC
Martın 17-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) əfsanəvi general Əliağa Şıxlinskinin 150 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il noyabrın 20-də general Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladığını xatırladıb.
Bildirilib ki, XX əsrin əvvəlində genişmiqyaslı hərbi əməliyyatların iştirakçısı olmuş görkəmli hərbi xadim, general-leytenant Əliağa Şıxlinski döyüş meydanlarında göstərdiyi şücaətlər və artilleriya nəzəriyyəsinə gətirdiyi yeniliklər sayəsində hərb tarixinə parlaq səhifələr yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən Ə.Şıxlinski milli hərbi hissələrin təşkilində, müstəqil ordu yaradılmasında müstəsna fəaliyyət göstərib. O, sonrakı dövrdə də öz hərbi andına sadiq qalaraq ölkəmizin silahlı qüvvələrinin formalaşmasına sanballı töhfələr verib.
Sonra Əliağa Şıxlinskinin döyüş meydanlarında göstərdiyi şücaətlərlə bağlı məruzələr dinlənilib.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının fəxri Əliağa Şıxlinskinin adı bütün dünyada şöhrət qazanıb. Rus-yapon müharibəsində və Birinci Dünya müharibəsi cəbhələrində Əliağa Şıxlinski bir hərbi xadim kimi güclü və strateji əhəmiyyətə malik olan yeni-yeni hərbi ixtiralar edib.
Azərbaycan Xalq Cümhuriyyəti milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda və ölkənin Silahlı Qüvvələrinin formalaşmasında general Əliağa Şıxlinskinin böyük rolu və xidməti olub.
Tədbirdə rəssam Əmirxan Nuarın çəkdiyi və ideya müəllifi Əzizağa Qənizadə olan, dünya və Vətən artilleriyasının tarixində silinməz iz qoymuş görkəmli Azərbaycan sərkərdəsi Əliağa Şıxlinskinin döyüş yoluna həsr edilən “Əliağa Şıxlinski Port-Arturda” adlı əsərin təqdimatı olub, generala həsr olunan videoçarx və sərgi nümayiş etdirilib.
Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, veteranlar təşkilatlarının, paytaxtdakı muzeylərin və digər əlaqədar təşkilatların nümayəndələri tədbirdə iştirak ediblər.