CƏMİYYƏT
ƏLİL UŞAQLAR ÜÇÜN REABİLİTASİYA MƏRKƏZİ
Sumqayıtdakı əqli və fiziki cəhətdən geri qalmış uşaqlar üçün ixtisaslaşdırılmış internat məktəbdə reabilitasiya mərkəzi açılmışdır. Layihə Avstriyanın “Helsverk” qeyri-hökumət təşkilatının maliyyə və təşkilat dəstəyi ilə həyata keçirilmişdir.
Avstriyanın Cənubi Qafqaz və Orta Asiya ölkələrindəki diplomatik missiyalarının kuratoru xanım Hayde Mariya Gürer bu günlərdə mərkəzlə tanış olarkən işlərin sürətlə və keyfiyyətlə görülməsindən razı qaldığını vurğulamış və bildirmişdir ki, bütün zəruri avadanlıq Avstriyadan yola salınmışdır və bu yaxınlarda Sumqayıta gətiriləcəkdir.
İnternatın direktoru Ayət Kərimova AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, 210 uşağın yaşadığı və oxuduğu bu təhsil ocağının indiyədək idman salonu və qurğuları olmamışdır. Odur ki, mərkəzin açılmasının bizim üçün xüsusi əhəmiyyəti var. Bu layihənin həyata keçirilməsində iştirak edənlərin hamısı işə xüsusi maraq göstərmişlər. Şəhər icra hakimiyyəti bu məqsəd üçün məktəbin ətrafındakı ərazidən torpaq sahəsi ayırmış, Bakının “Həyat” tikinti təşkilatı isə qısa müddətdə müasir, yaraşıqlı, gözoxşayan bu mərkəzi tikib istifadəyə vermişdir.
“Kaspian” Respublika Psixiki Sağlamlıq Assosiasiyasının köməyi ilə Soros İnstitutu mərkəzə hər birinin qiyməti 1000 ABŞ dolları olan altı xüsusi idman qurğusu vermişdir. “Speşl olimpik” Milli Komitəsinin prezidenti Şahin Əliyev müasir tennis stolu və idman ştanqları hədiyyə etmişdir. 40-dək şagirdə və idman müəlliminə idman formaları verilmişdir. A.Kərimova hesab edir ki, Avstriyadan göndərilmiş idman qurğuları, test çihazları uşaqların sağlamlığına müsbət təsir göstərəcək, təhsil dövründə reabilitasiya keçməkdə, orqanizmlərinin dayaq-hərəkət funksiyalarının bərpasında onlara kömək edəcəkdir.
Gələcəkdə təkcə internat məktəbdə oxuyan şagirdlərin deyil, reabilitasiyaya ehtiyacı olan bütün şəhər uşaqlarının da burada müalicə olunması nəzərdə tutulur.