ƏLİLLƏR ARASINDA FUTZAL ÜZRƏ “PAYIZ-2009” TURNİRİNİN AÇILIŞI OLMUŞDUR
Bakı, 14 oktyabr (AZƏRTAC). Oktyabrın 14-də Azərbaycan Texniki Universitetində eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Payız-2009” turnirinin açılışı olmuşdur.
AFFA-nın dəstəyi və Boyük Britaniyanın “UK Sport” təşkilatının sponsorluğu ilə keçirilən turnirdə 6 komanda mübarizə aparır.
Açılış mərasimində çıxış edən Əlillər Futbolu Federasiyasının prezidenti Şaiq Həmidov bildirmişdir ki, 2006-cı ilin iyununda yaranmış və AFFA-nın nəzdində fəaliyyət göstərən federasiya əlillərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların idmana cəlb edilməsi istiqamətində xeyli iş görmüşdür. Sayca 7-ci olan bu turnirin artıq ənənə halını aldığını qeyd edən Ş.Həmidov 16 yaşadək əlil futbolçuların beynəlxalq yarışlarda da uğurla çıxış etdiklərini söyləmişdir. Turnirin digər məqsədi isə yarışda fərqlənmiş perspektivli futbolçuların əlillərdən ibarət ölkənin yığma futbol komandasına cəlb edilməsindən ibarətdir.
AFFA rəsmisi Rüfət Əmirov və “UK Sport”un Azərbaycan nümayəndəliyinin rəhbəri Mehman Kərimov futzal turnirinin hazırda ölkəmizdə keçirilən Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi və Baş Assambleyası ilə eyni günə təsadüf etdiyini əlamətdar hadisə kimi dəyərləndirmişlər. Natiqlər futbolçulara ədalətli oyun nümayiş etdirməyi, həmçinin yarışda ən güclü komandanın qalib gəlməsini arzulamışlar.
######
