ƏLİLLƏRİN ƏL İŞLƏRİNDƏN İBARƏT SƏRGİ ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Sərginin açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev və mədəniyyət naziri Polad Bülbüloğlu bu tədbiri dövlətimizin fiziki cəhətdən məhdud olan vətəndaşlarına göstərdiyi qayğının, bununla da onlara olan mənəvi dayağın bariz nümunəsi olduğunu bildirmişlər. Belə tədbirlərin təbliğat əhəmiyyəti də diqqətə çatdırılmışdır.
Sərgi-müsabiqədə respublikanın müxtəlif bölgələrindən gəlmiş 250-dən çox istedadlı əlil uşağın rəngkarlıq, heykəltəraşlıq və tətbiqi sənət janrlarında 800-dən artıq əl işi nümayiş etdirilir. Təqdim olunan əsərlərin üzərində qiymətlərin göstərilməsi də maraq doğurmuşdur. Belə ki, sərgi işini başa vurduqdan sonra onların satışı təşkil olunacaqdır. Əsərlərin bir qisminin Mədəniyyət Nazirliyi tərəfindən alındığı və onların gələcəkdə beynəlxalq səviyyəli sərgilərdə nümayiş etdiriləcəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin isə istedadlı əlillərin yaradıcılıqlarını daha da inkişaf etdirmələri məqsədi ilə müəssisələr yaradacağı diqqətə çatdırılmışdır.
Sərginin yekunlarına görə birinci yer tutan üç iştirakçının hər biri üçün 1milyon manat, ikinci yeri tutan yeddi iştirakçının hərəsinə 700 min manat, üçüncü yer tutan on bir iştirakçı üçün isə 500 min manat mükafat müəyyənləşdirilmişdir. Qalan iştirakçıların hər birinə isə 50 min manat pul veriləcəkdir. Qeyd edək ki, respublikanın müxtəlif rayonlarından gəlmiş iştirakçıların yol və yaşayış xərclərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödəyəcəkdir.
Sərginin təşkili üçün minnətdarlıqlarını bildirən əlillər, onlara olan bu çür münasibəti yüksək qiymətləndirdiklərini diqqətə çatdırmışlar. Onlar bundan sonra da Azərbaycan dövlətinin fiziki imkanları məhdud olan vətəndaşlarına olan diqqət və qayğının daha da artacağına inandıqlarını bildirmişlər.
Sərgi noyabrın 30-dək davam edəcəkdir.