Əlilliyi olan şəxslər arasında VI Ümumrespublika yarışının final mərhələsi başa çatıb
Bakı, 1 dekabr, AZƏRTAC
Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə VI Ümumrespublika yarışının final mərhələsi keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkil edilən yarışlar 5 idman növünü (şahmat, dama, nərd, stolüstü tennis və qol gücü) əhatə edib və yarışlarda iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, final mərhələsində iştirak hüququ qazanan 46 nəfər arasından 5 istiqamət üzrə ilk 3 yerin qalibi məlum olub. Yaxın günlərdə qaliblərin mükafatlandırılması mərasimi olacaq.
Əlilliyi olan şəxslər arasında mütəmadi olaraq təşkil olunan belə yarışlar, sərgilər və digər layihələr onların istedad və bacarıqlarının dəstəklənməsi və üzə çıxarılması, yaradıcılıq potensiallarının inkişaf etdirilməsi, cəmiyyətə inteqrasiya imkanlarının artırılması məqsədi daşıyır.