Əliqismət Lalayev: Fəcr festivalına dəvət olunmağım teatr sənətimizə sevginin təzahürüdür
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək 36-cı Beynəlxalq Fəcr Teatr festivalına dəvət olunub.
AZƏRTAC xəbər verir ki, sənət ocağının direktoru dünyanın onlarla ölkəsinin təmsil olunduğu bu nüfuzlu festivala ekspert qismində qatılacaq. Ə.Lalayev 2018-ci il yanvarın 21-dən fevralın 1-dək davam edəcək festivalla bağlı təəssüratlarını bölüşüb. O deyib: “Bu dəvət məşhur Beynəlxalq Fəcr Teatr Festivalının təşkilatçıları tərəfindən Azərbaycan teatrına göstərilən etimaddır və teatr sənətimizə sevginin, rəğbətin təzahürüdür. Bundan öncəki - 35-ci festivalda Azərbaycan Dövlət Musiqili Teatrı da iştirak edirdi. Dünyanın təqribən 20 ölkəsinin təmsil olunduğu bu nüfuzlu sənət yarışmasında kollektivimiz dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyasını təqdim etdi. Tamaşanın nümayişi anşlaqa səbəb oldu. Səhnə əsəri festivalın təşkilatçıları və təbrizli tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Məhz bunun nəticəsi olaraq təbrizlilərin xahişi ilə festival proqramından əlavə “Ər və arvad” tamaşasını ikinci dəfə göstərdik”.
Ötənilki festivalda teatrın kollektivinin üç üzvünün möhtəşəm festivalın mükafatını qazandığını bildirən direktor vurğulayıb: “Bu, bütövlükdə Azərbaycan mədəniyyətinə olan böyük marağın və sevginin göstəricisi idi. Hesab edirəm ki, İran İslam Respublikasının Dramatik İncəsənət Mərkəzi məhz o uğurlu çıxışın və ölkəmizin adına qazanılan qalibiyyətin nəticəsi olaraq bu dəfə məni belə bir nüfuzlu festivala ekspert qismində dəvət edib. Çalışacağam ki, bu dəfə də Azərbaycanı layiqincə təmsil edim”.