Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Bakı, 13 fevral, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan İsgəndərov və İnsafəli Səmədovla növbəti dəfə görüşüb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı qaliblərin peşəkar inkişaf perspektivləri, dövlət idarəçiliyində və təhsil sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.
Nazir çıxışında gənc və perspektivli peşəkarların ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb. Nazir bildirib ki, müasir dövrdə təşəbbüskar, innovativ düşüncəyə malik və yüksək məsuliyyət hissi daşıyan kadrların formalaşdırılması strateji prioritetdir.
Qaliblər mentorluq proqramı çərçivəsində qazandıqları təcrübə, əldə etdikləri bilik və bacarıqlar barədə fikirlərini bölüşüblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.