Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislər üçün növbəti müsabiqəni elan edib
Bakı, 12 noyabr, AZƏRTACAzərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) gənc alim və mütəxəssislər üçün növbəti üçüncü qrant müsabiqəsini elan edib.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaqdır.
Müsabiqə Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq və 2011-2013-cü illərdə EİF-in gənc alim və mütəxəssislər üçün keçirdiyi birinci və ikinci müsabiqələrin uğurları nəzərə alınmaqla elan edilib.
Müsabiqənin maliyyələşdirilməsi üçün 500.000 (beş yüz min) manat məbləğində vəsait nəzərdə tutulub.
Qrant müsabiqəsi fizika-riyaziyyat və texnika elmləri, kimya, Yer haqqında, biologiya, tibb və aqrar, humanitar və ictimai elm sahələrini əhatə edən fundamental-tətbiqi, axtarış-innovasiya xarakterli, eləcə də xüsusi layihələrin kiçik və orta həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsini nəzərdə tutur.
Sənədlər noyabrın 14-dən dekabrın 29-u saat 17.00-dək qəbul olunacaq. Bu müddətdə qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədi ilə məsləhət seminarlarının keçirilməsi planlaşdırılır. Müsabiqənin nəticələri 2015-ci ilin birinci yarım ilində açıqlanacaq.
Müsabiqədə yalnız 35 yaşadək gənc alim və mütəxəssislər iştirak edə bilərlər.
Ətraflı məlumatı www.sdf.gov.az linkindən əldə etmək mümkündür.