Elmin İnkişafı Fondu informasiya-kommunikasiya texnologiyaları müsabiqəsinin nəticələrini elan etmişdir
Bakı, 29 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü ildə keçirilmiş məqsədli birgə İKT müsabiqəsinin nəticələri elan edilmişdir.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 28 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 29-cu bəndinə əsasən, “İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi” məqsədi ilə Elmin İnkişafı Fondu cari ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər qurumlarla birgə bir sıra tədbirlər həyata keçirmişdir.
Fond maliyyələşdirdiyi böyük maliyyə həcmli pilot qrant layihələrinin uğurlarını, layihələr çərçivəsində alınaraq quraşdırılmış ultramodern cihazlarda rəqabət apara biləcək ilkin elmi nəticələrin alınmasını, xaricdə kadr hazırlığının müsbət nəticələrini nəzərə alaraq, 2013-cü ildə İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə nəzərdə tutulmuş bir neçə qrant müsabiqəsindən birincisini İKT üzrə pilot layihə müsabiqəsi elan etmişdir.
İkinci İKT müsabiqəsi isə fundamental-tətbiqi, axtarış-innovasiya, maddi-texniki təminat və başqa tipli layihələri əhatə etmişdir.
Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-cü il üçün ikinci, məqsədli birgə İKT müsabiqəsinin keçirilməsi haqqında qərarı cari il sentyabrın 5-də internet səhifəsində və kütləvi informasiya vasitələrində elan etmişlər. Qrant layihələrinin qəbul müddəti sentyabrın 6-dan-oktyabrın 7-dək müəyyənləşdirilmişdir. Həmin müddətdə EİF-in icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədi ilə dörd məsləhət seminarı təşkil etmiş, telefon və elektron-poçt vasitəsilə daxil olan müraciətlərə cavab vermiş, ortaya çıxan suallara aydınlıq gətirmişdir.
Müsabiqəyə 62 layihə daxil olmuş və onlar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilmişdir. Oktyabrın 21-dən-dekabrın 5-dək bu layihələrin texniki və elmi ekspertizası işi təşkil edilmişdir. Müsabiqə qaydaları və tələblərinə cavab verməyən 10 layihə texniki ekspertiza mərhələsindən keçməmiş, 52 layihə isə elmi ekspertiza mərhələsinə buraxılmışdır. Ekspertiza işinə EİF-in daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunmuşlar. Layihələrin qiymətləndirilməsində müsabiqə təşkilatçıları tərəfindən yaradılmış birgə komissiya da iştirak etmişdir.
EİF-in icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsini müəyyənləşdirmiş, layihələrin elmi səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını, gözlənilən elmi nəticələrini, mümkün tətbiq ehtimalını ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem üzrə qiymətləndirmiş, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə Fondun Himayədarlar Şurası üçün rəylər, arayışlar və tövsiyələr hazırlamışlar.
EİF-in icraçı direksiyasının, daimi və müstəqil elmi ekspertlərin hər bir layihə üzrə hazırladıqları və statistik məlumatların daxil olduğu yekun sənədlər toplusuna Fondun Himayədarlar Şurasında baxılmış, ekspertiza qaydalarına uyğun olaraq, layihələrin yekun ballar üzrə siyahısı və maliyyələşdirilmə həcmi barədə tövsiyələr müzakirə edilmiş və yekun qərar qəbul olunmuşdur.
Cari ildə keçirilmiş məqsədli birgə İKT müsabiqəsi çərçivəsində 29 qalib layihə müəyyənləşdirilmişdir. Müsabiqə üzrə maliyyələşdirilmənin ümumi həcmi bir milyon iki yüz min manat olmuşdur. Elmin İnkişafı Fondu 24 layihənin maliyyələşdirilməsinə bir milyon manat vəsait ayırmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə beş layihəni maliyyələşdirəcəkdir.
EİF-in icraçı direksiyası ilə 24 qalib layihənin rəhbəri arasında layihənin yerinə yetirilməsi barədə lazımi sənədlər toplusu hazırlanmaqla müvafiq müqavilə bağlanacaq və qanunvericiliyə uyğun olaraq, Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcəkdir.
Elmin İnkişafı Fondu müsabiqə qaliblərini təbrik edir, iştirakçılara və müstəqil elmi ekspertlərə minnətdarlığını bildirir.