Elşad Mirbəşiroğlu: Vyana görüşü Azərbaycanın mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malikdir
Bakı, 30 mart, AZƏRTAC
Vyanada Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüşü səciyyələndirən əsas cəhət odur ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra ilk dəfə olaraq ATƏT-in Minsk qrupunun təşkilatçılığı ilə bu görüş reallaşıb. Görüş ərəfəsində münaqişə vəziyyətində Azərbaycanın mövqeyinin güclənməsinə dəlalət edən mühüm hadisələr baş verib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu söyləyib. O qeyd edib ki, fevral ayında Minsk qrupunun həmsədrləri regiona səfər zamanı Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə görüşlər keçirdilər. Martın 9-da həmsədrlər Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən birgə bəyanat yaydılar. Həmin vaxt Paşinyan münaqişənin tənzimlənməsinə mane olan mövqe nümayiş etdirdi. Mövqe ondan ibarət idi ki, separatçı Dağlıq Qarabağ rejimini danışıqlara cəlb etməyə çalışdı. Vyanada keçirilən görüşdə Azərbaycanın mövqeyinin möhkəmlənməsi görüşün xarakterinə ciddi təsir göstərdi. Danışıqlar üçüncü tərəf olmadan Azərbaycanla Ermənistan arasında baş tutdu. Üç saatdan çox davam edən görüş zamanı münaqişənin həll olunması üçün ali səviyyədə danışıqların davam etdirilməsinin zəruriliyi ifadə olundu. Bütün bunlar onu göstərir ki, Azərbaycan addım-addım ərazi bütövlüyünün təmin olunacağı günə yaxınlaşır. Artıq bu istiqamətdə ictimai rəy formalaşıb. Ermənistan işğalçı ölkədir və münaqişənin həllinə məsuliyyətli tərəf kimi ATƏT-in vəzifəsi ondan ibarət olmalıdır ki, problemin həllində tərəflərin siyasi iradələrini qiymətləndirsinlər.
Politoloqun fikrincə, Paşinyan münaqişənin ədalətli yolla həllindən narahat olaraq siyasi oyunlar qurmaq istəyir. Ancaq buna baxmayaraq Azərbaycanın siyasi və diplomatik potensialı güclənir. Bunun nəticəsində Ermənistan konstruktiv yola gəlməyə məcbur olacaq. Vyana görüşündə Azərbaycan dövləti öz qəti mövqeyini ortaya qoydu və bundan geri çəkilməyəcəyini bəyan etdi.
Elşad Mirbəşiroğlu bildirib ki, o cümlədən bu səfər Azərbaycan və Avstriya arasında münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçısı Avstriyanın Federal Kansleri, Federal Prezidenti və vitse-kansleri ilə görüşlər keçirdi. İki ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni bir əməkdaşlıq formatı yaradıldı. Burada da iki ölkənin aidiyyəti nazirləri, işgüzar dairələri bir araya gətirilir. Bir sözlə, Prezident İlham Əliyevin Vyana səfəri həm Ermənistan-Azərbaycan münaqişəsinin həllinin müzakirəsi, həm də Azərbaycan-Avstriya münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.