Əlyazma abidələrinin elektron versiyası əsasında tərcüməsi işi davam etdirilir
Bakı, 15 aprel, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri ölkədəki karantin rejimində növbədənkənar məzuniyyət vaxtını dəyərləndirərək elmi tədqiqatlarını əvvəlki templə davam etdirirlər. Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin əməkdaşları əlyazma abidələrinin elektron versiyası əsasında tərcümə işini ev şəraitində həyata keçirirlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, böyük elmi işçi Kəlamə Abbasova fars dilindən tərcüməsi üzərində çalışdığı bir əlyazma abidəsi - “Töhfətül-möminin” (Möminlərin töhfəsi) əsəri haqqında qısa məlumatı təqdim edib. Qeyd edilib ki, əslən mazandaranlı olan Mir Məhəmməd Mömin (vəfat tarixi 1697) Azərbaycanda yaşayıb, Şah Süleyman Səfəvinin sarayında həkim kimi fəaliyyət göstərib. Onun sifarişi əsasında 1669-cu ildə “Töhfətül-möminin” əsərini yazıb. Əsəri dolğun bir tibbi və əczaçılıq lüğəti adlandırmaq mümkündür. Burada bütün təbii yaradılış predmetlərinin xüsusiyyətləri, işlənmə sahəsi və metodu barədə geniş məlumat verilib. Müəllif bu predmetlərin adlarının bir neçə dildə işlənmə formasını da qeyd edib.
Müəllifin qeydlərinə əsasən, əlyazmanın yazarının özündən əvvəl, habelə müasirləri olmuş bir sıra təbiblərin əsərlərindən yararlandığı məlum olur. Əlyazma nəstəliq xətti ilə yazılıb, mənbədəki terminlər fars əlifbası sıralaması ilə verilib.