Əlyazmalar İnstitutu nadir kitab abidələrinin tədqiqi istiqamətində Özbək-Çin İnstitutu ilə əməkdaşlığa başlayır
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən Konfutsi adına Özbək-Çin İnstitutu arasında elmi-mədəni əməkdaşlıq sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq memorandumu imzalanıb.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, koronavirus pandemiyası səbəbindən tərəflər arasında onlayn şəkildə baş tutan görüşdə akademik Teymur Kərimli zəngin əlyazma irsinə malik Daşkənd Dövlət Şərqşünaslıq İnstitutu ilə qurulan əməkdaşlıq əlaqələrindən məmnunluq duyduğunu bildirib. Əlyazmalar İnstitutunun nadir xəzinəsindən də bəhs edən akademik bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inandığını söyləyib. Konfutsi adına Özbək-Çin İnstitutunun direktoru, dosent Səadət Nəsirova da öz növbəsində təmsil etdiyi müəssisənin Əlyazmalar İnstitutu ilə yaxından maraqlandığını və bu istiqamətdə əməkdaşlıqdan razı qaldığını ifadə edib.
Görüşdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov bildirib ki, eyni kökə malik özbək və Azərbaycan xalqlarının elmi əməkdaşlığı hər bir cəhətdən olduqca əhəmiyyətlidir. P.Kərimov Əlyazmalar İnstitutunda özbək xalqına dair çoxlu sayda əlyazmaların saxlanıldığını, onların arasında böyük şair, filosof Əlişir Nəvainin əlyazmalarının xüsusilə çoxluq təşkil etdiyini vurğulayıb. O, Özbəkistanda da Azərbaycana aid əlyazmaların qorunduğunu qeyd edərək bildirib: “Biz öz ədəbiyyatımızı, tariximizi dərindən öyrənmək üçün bir-birimizlə sıx əməkdaşlıq etməliyik”.
Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova bildirib ki, rəhbərlik etdiyi şöbə bu əməkdaşlığa dair sənədlərin hazırlanmasında, görüşlərin təşkilində və digər tədbirlərdə səylə iştirak edib və gələcəkdə də bu istiqamətdə əlindən gələni edəcək.
Sonra elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə Əlyazmalar İnstitutu ilə Özbək-Çin İnstitutu arasında əlaqələrin qurulmasında, bu memorandumun imzalanmasında göstərdiyi vasitəçiliyə görə hər iki elmi müəssisə adından Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə və onun direktoru Samir Abbasova təşəkkürünü bildirib.
Sonda Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Konfutsi adına Özbək-Çin İnstitutunun direktoru, dosent Səadət Nəsirova memorandumu imzalayıblar. Memorandumun məqsədi tərəflər arasında nadir kitab abidələrinin, o cümlədən qədim əlyazma və əski çap kitablarının tədqiqi və tərcüməsi sahəsində qarşılıqlı əlaqələrin qurulması, inkişaf etdirilməsi və möhkəmləndirilməsi, eləcə də elmi-mədəni təcrübə mübadiləsinin həyata keçirilməsindən ibarətdir.