Əmanətlərin Sığortalanması Fondunda Zəfər Günü qeyd edilib
Bakı, 6 noyabr, AZƏRTAC
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Zəfərinin ildönümü münasibətilə Əmanətlərin Sığortalanması Fondunda (ADIF) tədbir keçirilib.
ADIF-dən AZƏRTAC-a bildirilib ki, Fondun icraçı direktoru Tural Piriyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatdığını deyib. O, Zəfər Gününün Azərbaycan xalqı üçün ən əhəmiyyətli tarixi günlərdən biri olduğunu, Vətən müharibəsində Ordumuzun, xalqımızın və dövlətimizin möhkəm bir yumruq şəklində birləşməsinin Qələbənin qazanılmasında mühüm rol oynadığını söyləyib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu Qələbənin əldə olunmasının əsasında Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu, müdrik xarici və daxili siyasət, böyük xalqımızın yorulmaz əməyi, birliyi və Azərbaycan əsgərinin qəhrəmanlığı dayanır.
Fondun Hüquq departamentinin direktoru Bəhruz Qayıbov və Məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki vətəndaşlarımızın, xalqımızın, ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlıların, diaspor nümayəndələrimizin 44 gün ərzindəki əzmi və iradəsindən, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsindən, düşmənə həm mənəvi, həm də ordumuzun rəşadəti ilə sarsıdıcı zərbələr endirməsindən ətraflı söz açıblar.
8 Noyabr - Zəfər Gününə həsr olunan tədbirdə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların müharibədə iştirak etmiş əməkdaşları, habelə ailə üzvləri iştirak edib. T.Piriyev deyib: “Vətən müharibəsi nəticəsində xalqımızın 30 illik həsrətinə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi və ədalət yerini tapdı. İşğaldan azad edilmiş torpaqlarımızda quruculuq işləri yekunlaşdıqca biz artıq öz doğma yurd-yuvalarımıza, tarixi torpaqlarımıza qayıdacağıq. Müzəffər Azərbaycan Ordusunun rəşadəti və qəhrəman igid oğullarımızın şücaəti nəticəsində Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida” ifadəsi gerçəkləşdi. Vətən uğrunda qanından, canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik”.