ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ BƏT-LƏ ƏLAQƏLƏRİN İNKİŞAFINA XÜSUSİ ÖNƏM VERİR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Füzuli Ələkbərov ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Moskva ofisinin direktoru xanım Elain Fultzun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycanın BƏT-lə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirən Füzuli Ələkbərov bu mötəbər beynəlxalq təşkilatla əmək münasibətləri, məşğulluq, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində əməkdaşlığın daim genişləndiyini, təşkilat tərəfindən ölkəmizin gənclərin məşğulluğu üzrə on lider ölkədən biri elan olunduğunu qeyd etmişdir. Azərbaycan MDB məkanında BƏT-in nümayəndəliyinin açıldığı ilk ölkələrdəndir və təşkilatın 55 konvensiyasına qoşulmuşdur.
Bildirilmişdir ki, iqtisadi tərəqqi prosesləri ölkədə əmək və məşğulluq sistemlərinin təkmilləşdirilməsinə zəmin yaradır və bu sahədə BƏT-lə əməkdaşlıq dəyərli töhfələrini verir. 2006-cı ilin noyabrın15-də BƏT-lə Azərbaycan arasında “Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı” (2006-2009-cu illər)-nın imzalanması bu istiqamətdə atılan mühüm addımlardandır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankı ilə birgə hazırladığı, 2008-2013-cü illər üçün nəzərdə tutulan yeni “Sosial Müdafiənin İnkişafı” layihəsi barədə məlumat verən F.Ələkbərov vurğulamışdır ki, bu proqram çərçivəsində əmək bazarının müasirləşdirilməsi, məşğulluq xidmətinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, həmçinin burada BƏT-lə əməkdaşlığın həyata keçirilməsi öz əksini tapmışdır.
Səmimi görüşə görə minnətdarlığını bildirən xanim Elain Fultz Azərbaycanı davamlı inkişaf edən bir dövlət kimi görməkdən və bu ölkənin BƏT-lə əməkdaşlığı fəal surətdə davam etdirmək və genişləndirmək əzmində olmasından məmnunluğunu söyləmişdir.
Xanım E.Fultz həmçinin Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı çərçivəsində Azərbaycanda məqsədyönlü işlərin görüldüyünü və səfər zamanı bu işlərlə daha yaxından tanışlıq, qarşıda duran vəzifələrin icrası ilə bağlı ayrı-ayrı məsələlərin həllinə dair müzakirələr aparmaq imkanlarının olacağını qeyd etmişdir. Qonaq demişdir ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də dünyanın qabaqcıl ölkələri və mötəbər beynəlxalq qurumlar ilə fəal əməkdaşlıq edir.
######
