ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ ŞƏKİDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iyulun 18-də Şəkidə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin 6 aylıq fəaliyyətlərinə həsr olunmuş zona müşavirəsi keçirmişdir. Müşavirədə Şəki-Zaqatala bölgəsi və ətraf rayonlar da daxil olmaqla, 12 rayonun əhalinin sosial müdafiəsi və məşğulluq mərkəzlərinin, əmək müfəttişliklərinin rəhbərləri iştirak etmişlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Əhalinin sosial müdafiəsi mərkəzinin yeni binasında keçirilən müşavirəni giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun təmin olunması sahəsində tədbirlərin 2008-ci ilin birinci yarısında da ardıcıl davam etdirildiyini bildirmiş, əhalinin aztəminatlı təbəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılması və onların sosial reabilitasiya məsələsinin indi dövlətin əsas vəzifələrindən biri olduğunu vurğulamış, ünvanlı sosial yardımların verilməsi ilə bağlı nazirliyin həyata keçirdiyi tədbirlər barədə danışmışdır.
Müşavirədə nazirliyin ümumi şöbəsinin müdiri Bəxtiyar Əliyev 2008-ci ilin 6 ayı ərzində bölgə üzrə vətəndaşlar tərəfindən nazirliyin ünvanına daxil olmuş ərizə və şikayətlər haqqında məruzə etmişdir. Bildirilmişdir ki, 2008-ci ilin birinci yarısında nazirliyə 12852 ərizə daxil olmuş ərizələrin əksəriyyəti ünvanlı sosial yardım, tibbi sosial ekspertiza və xidmət sahələri ilə bağlıdır. Avtomobil və mənzil təminatı ilə bağlı ərizələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən artsa da, ünvanlı sosial yardım şöbəsinə gələn ərizələrin sayı 31 faiz azalmışdır.
Şöbə müdiri daha sonra salonda quraşdırılmış ekranda ayrı-ayrı cədvəllərin köməyi ilə bölgə vətəndaşlarından nazirliyə daxil olan şikayət ərizələrinin təhlilini aparmışdır. Məlumat verilmişdir ki, ilk 6 ayda zona müşavirəsində iştirak edən rayonlardan nazirliyə 257 ərizə, o cümlədən Ağdaşdan 57, Şəkidən 52, Ağsudan 43, Şamaxıdan 23, Balakəndən 20, İsmayıllıdan 19, Qəbələdən 15, Zaqatalada 10, Göyçaydan 9, Oğuzdan 5, Qobustandan 3, Qax rayonundan isə cəmi 1 ərizə daxil olmuşdur.
Sonra rayonların əhalinin sosial müdafiəsi mərkəzlərinin rəhbərləri vətəndaşların müraciətləri ilə bağlı məlumat vermişlər.
Nazirliyin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov ünvanlı sosial yardımın təyinatı ilə bağlı vətəndaşlar tərəfindən daxil olmuş ərizə və şikayətlərin yerində araşdırılması məqsədi ilə respublikanın cənub və qərb bölgələrində keçirilmiş monitorinqlərin ilkin yekunları barədə danışmışdır.
Nazir Füzuli Ələkbərov müşavirəyə yekun vurmuşdur.