Əməkdar artist Almaz Orucova: Zəfərimiz qürurumuzdur
Bakı, 6 noyabr, AZƏRTAC
Zəfər Günü bizim ən xoşbəxt, ən qürurlu günümüzdür. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun qazandığı böyük Qələbə bu əlamətdar günü qeyd etməyi bizə nəsib etdi. Doğma torpaqlarımızın, yurd yerlərimizin bədnam ermənilərin işğalından azad olunması bizim üçün milli qeyrət, milli qürur məsələsi idi. Biz bu məsələni çox uğurla həll edə bildik.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, Əməkdar artist Almaz Orucova deyib.
A. Orucova vurğulayıb ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfər ədalətin, həqiqətin Qələbəsidir. Böyük Zəfər təkcə bizim üçün yox, bütün sülhsevər ölkələr, xalqlar üçün çox əlamətdar hadisədir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə düşmənin dağıtdığı kənd və şəhərlərimiz, memarlıq və mədəniyyət abidələrimiz bərpa olunur və geniş quruculuq tədbirləri, müxtəlif layihələr, o cümlədən “Ağıllı kənd” layihəsi, Zəngəzur dəhlizi - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu və s. uğurla reallaşdırılır.
Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın, elm və təhsilin, mədəniyyətin inkişaf etdiyini qeyd edən Əməkdar artist Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini söyləyib.
“Vətən müharibəsində qazandığımız Zəfər bizi dünyada vətənpərvər, ləyaqətli, qəhrəman bir xalq kimi tanıtdı, bizi daha da ucaltdı. Bu Zəfər bütün zamanlarda bizim nəsillərimiz üçün əsl fədakarlıq, igidlik, vətənpərvərlik nümunəsi olacaq”,- deyə A. Orucova bildirib.