Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun məzarı ziyarət olunub
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 6-da Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun anadan olmasının 100-cü ildönümü tamam olub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri sənətkarın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan kinosunun inkişafında Şamil Mahmudbəyovun xüsusi rolunu qeyd edib.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu görkəmli sənətkar haqqında fikirlərini söyləyiblər.
Sonra Xalq artistləri Oqtay Mirqasımov, Şəfiqə Məmmədova, Xamis Muradov və prodüser Rasim Həsənov görkəmli rejissor haqqında xatirələrini bölüşüblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə 100 illik yubileyi ərəfəsində kinorejissor Şamil Mahmudbəyovun baxımsız vəziyyətdə olan məzarı yenilənib.