Əminə Ərdoğan Odessadan təxliyə edilən uşaqlara baş çəkib
Kiyev, 1 dekabr, AZƏRTAC
Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan Odessadan təxliyə edilən uşaqların yerləşdirildiyi uşaq evinə baş çəkib.
AZƏRTAC Ukrinform-a istinadla xəbər verir ki, Əminə Ərdoğan uşaqlarla görüşdə heç kimin müharibə istəmədiyini söyləyib.
“Heç kim müharibə istəmir. Biz kiminsə valideynlərini itirməsinə və ya ölkəsini tərk etmək məcburiyyətində qalmasına qarşıyıq. Arzu edirəm ki, bu müharibə mümkün qədər tez bitsin, yaralar sağalsın və hər kəs sağ-salamat evlərinə qayıda bilsin", - deyə Türkiyənin birinci xanımı əlavə edib.
O xatırladıb ki, Odessa uşaq evindən şagirdlərin Türkiyəyə təxliyəsi Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşdə razılaşdırılıb.
Əminə Ərdoğan təxliyədən sonra uşaqların sağlamlığı və rifahı ilə maraqlanıb. Əvvəllər xüsusi diaqnozu olan və müharibə səbəbindən planlı əməliyyat keçirə bilməyən kimsəsizlərdən birinə lazımi yardımın göstərilməsi üçün razılıq alınıb.
Qeyd edək ki, Odessadakı “Solnışko” uşaq evindən 34 uşaq işçilər və həkimlərlə birlikdə Türkiyənin paytaxtına təxliyə edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev