SİYASƏT
Ən çox seçici fəallığı Xəzər rayonundakı seçki məntəqələrində müşahidə olunub
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə ən çox seçici fəallığı Xəzər rayonundakı seçki dairələrini əhatə edən məntəqələrdə müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, 13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər seçki dairələrinin əhatə etdiyi məntəqələrdə səsvermənin ilk saatlarından yüksək seçici fəallığı hiss edilirdi.
14 saylı Xəzər seçki dairəsinin 1 saylı məntəqəsinin sədri Elmira Cabbarova bildirib ki, məntəqədə qeydiyyatda olan 1356 seçicidən 21-i ilk dəfə səs verən gənclərdir. Seçicilərdə böyük həvəs, yüksək əhval-ruhiyyə və fəallıq müşahidə olunurdu.
13 saylı Xəzər - Pirallahı seçki dairəsinin 1 saylı məntəqəsinin sədri Failə Rüstəmova deyib ki, 898 seçici arasında ən yaşlı seçici 92 yaşlı Soltanəli Orucov olub.
14 saylı dairə seçki komissiyasının 2 saylı məntəqəsinin sədri Eldəniz Cabbarov isə diqqətə çatdırıb ki, məntəqə üzrə qeydiyyata olan 1418 seçici yüksək fəallıq nümayiş etdirib.
Dairənin bütün məntəqələrində seçicilərin öz iradələrini azad ifadə edərək inandıqları və etibar etdikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılmışdı. Məntəqələrdə seçkinin bütün prosedurlarına riayət olunub.
Beynəlxalq və yerli müşahidəçilər məntəqələrdə səsvermənin gedişini izləyib və seçkilərin qanunvericiliyə uyğun şəkildə keçdiyini bildiriblər.
13 saylı Xəzər-Pirallahı seçki dairəsinin 1 saylı seçki məntəqəsində öz iradəsini ifadə edən 92 yaşlı Soltanəli Orucov Azərbaycanın inkişafı yolunda yorulmadan çalışan bir namizədə səs verdiyini bildirib. O deyib: “Mən müharibədən qayıdandan sonra 42 il ayrı-ayrı işlərdə çalışmışam. Bu vaxtadək keçirilən bütün seçkilərdə iştirak etmişəm. Bu dəfə də vətəndaşlıq borcumu yerinə yetirdiyim çox şadam.