Enerji potensialı rəqəmsal transformasiyanın əsas dayaqlarından biridir
Bakı, 13 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkənin inkişaf strategiyasında yeni mərhələnin başlandığını göstərir. Bu mərhələ ənənəvi enerji və nəqliyyat layihələrinin məntiqi davamı kimi rəqəmsal transformasiya, süni intellekt və data iqtisadiyyatı üzərində qurulur. Qlobal miqyasda formalaşan yeni iqtisadi modeldə əsas rəqabət üstünlüyü təbii resurslarla deyil, texnologiya, innovasiya və məlumatların effektiv idarə olunması ilə müəyyən edilir. Dövlətimizin başçısının çıxışı da məhz bu reallıqlara söykənərək Azərbaycanın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib. Deputat bildirib ki, müasir dünyada süni intellektin tətbiqi, böyük həcmli data mərkəzlərinin yaradılması və dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması ölkələrin iqtisadi və siyasi çəkisini müəyyən edən əsas amillərə çevrilib.
“Prezident bu istiqamətin Azərbaycanın prioritetlər siyahısında ön mövqeyə çıxarılmasını strateji qərar kimi qiymətləndirdi. Bu yanaşma təsadüfi deyil. Çünki rəqəmsal inkişaf təkcə texnoloji məsələ deyil, milli təhlükəsizlik, iqtisadi dayanıqlılıq və qlobal rəqabət qabiliyyəti məsələsidir. Azərbaycanın bu sahədə mühüm üstünlükləri mövcuddur. Asiya ilə Avropa arasında yerləşən, Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin mərkəzində qərarlaşan Azərbaycan artıq fiziki infrastruktur baxımından regionun əsas bağlantı qovşaqlarından birinə çevrilib. Prezidentin vurğuladığı kimi, mövcud nəqliyyat və enerji dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərə transformasiya olunmalıdır. Bu isə Azərbaycanın yalnız enerji tranziti ölkəsi deyil, həm də rəqəmsal məlumat axınının etibarlı platformasına çevrilməsi deməkdir”.
Müsahibimiz bildirib ki, neft-qaz layihələri çərçivəsində formalaşmış beynəlxalq əməkdaşlıq təcrübəsi də rəqəmsal mərhələyə keçid üçün ciddi əsas yaradır. Otuz ildən artıq müddətdə transmilli şirkətlərlə uğurla icra olunan layihələr göstərdi ki, Azərbaycan həm müqavilə intizamı, həm də investisiya təhlükəsizliyi baxımından etibarlı tərəfdaşdır.
Deputat vurğulayıb ki, enerji potensialı rəqəmsal transformasiyanın əsas dayaqlarından biridir. Data mərkəzləri və süni intellekt platformaları böyük enerji resursları tələb edir. Son 20 ildə Azərbaycanın generasiya gücünün iki dəfəyə yaxın artaraq 10 min meqavata çatdırılması və hazırda ən azı 2 min meqavat istifadə edilməyən ehtiyat gücün mövcudluğu bu sahədə ciddi üstünlük yaradır. Ölkənin həm ənənəvi, həm də bərpaolunan enerji mənbələri ilə tam təmin olunması, eyni zamanda, ixrac imkanlarının genişlənməsi rəqəmsal iqtisadiyyat üçün möhkəm enerji bazası formalaşdırır.
“Fiber-optik bağlantıların genişləndirilməsi istiqamətində görülən işlər də strateji əhəmiyyət daşıyır. Xəzərin şərq sahilləri ilə Azərbaycanı birləşdirəcək kabel layihəsinin icrası ölkənin Şərqə doğru rəqəmsal bağlantılarını gücləndirəcək. Qərb istiqamətində yeni bağlantıların yaradılması isə Azərbaycanın qlobal data marşrutlarında mövqeyini daha da möhkəmləndirə bilər. Bu infrastruktur yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Qlobal maliyyə institutları və aparıcı fondlarla mövcud əməkdaşlıq da rəqəmsal layihələrin maliyyələşdirilməsi baxımından mühüm üstünlükdür.
Eyni zamanda, ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası və Avropa İttifaqına üzv 10 ölkə ilə mövcud strateji tərəfdaşlıq sənədləri, habelə Çin ilə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri Azərbaycanın aparıcı güc mərkəzləri ilə paralel əməkdaşlıq imkanlarını genişləndirir. Bu balanslı və çoxşaxəli xarici siyasət rəqəmsal transformasiya prosesində də əlavə siyasi və iqtisadi təminat yaradır”, - deyə deputat bildirib.
Mehriban Vəliyeva diqqətə çatdırıb ki, hər bir dövlət qurumunda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi institusional yanaşmanın gücləndirilməsinə xidmət edir. Bu, idarəetmədə operativliyi və məsuliyyət bölgüsünü təmin edən mexanizmdir.
“Ali təhsil müəssisələrində və xaricdə təhsil proqramlarında süni intellekt və rəqəmsal texnologiyalar üzrə ixtisasların genişləndirilməsi, orta məktəblərdə ilkin biliklərin aşılanması uzunmüddətli perspektivdə insan kapitalının formalaşmasına yönəlib. Rəqəmsal iqtisadiyyatın əsas resursu məhz yüksəkixtisaslı kadr potensialıdır. Süni intellektin dövlət qurumlarında tətbiqi və qərar qəbuletmə prosesində istifadə edilməsi idarəetmədə keyfiyyətin yüksəldilməsinə xidmət edə bilər”, - deyə müsahibimiz bildirib.
“Bütün bu istiqamətlər göstərir ki, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sadəcə texniki modernləşdirmə proqramı deyil, dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm komponentidir. Enerji, nəqliyyat və investisiya sahələrində əldə edilmiş uğurların rəqəmsal mərhələyə transformasiyası ölkənin qlobal rəqabət qabiliyyətini artıracaq”, - deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.