Qubada Belçika texnologiyası ilə şokolad istehsalı – “ABAD Factory”dən reportaj VİDEO
Quba, 13 fevral, Elxan Yusifli, AZƏRTAC
Qubada yerləşən "ABAD Factory" İstehsalat Kompleksi yerli istehsala töhfə verməklə yanaşı, həm də dadlı Belçika şokoladlarının ünvanına çevrilib. Bu müəssisənin fəaliyyəti dövlətin regionlarda apardığı səmərəli məşğulluq siyasətinin və qeyri-neft sektorunun inkişafına verilən dəstəyin bariz nümunəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, türk investorların dəstəyi ilə 2023-cü ildə təməli qoyulan bu istehsal sahəsi hazırda regionun iqtisadi potensialının artırılmasına xidmət edir. Burada hazırlanan şokoladlar “ABAD” bakaleyaları ilə yanaşı, ölkənin bir çox iri supermarketlər şəbəkəsində də alıcılara təqdim olunur. Bu cür müəssisələrin yaradılması regionlarda işsizliyin aradan qaldırılmasına və əhalinin rifah halının yaxşılaşdırılmasına birbaşa təsir göstərir.
İstehsalat sahəsinin əməkdaşı Dilarə Tağıyeva şokoladın hazırlanma prosesinin incəliklərini belə izah edir: “Bizim şokoladın xammalı Belçikadan gətirilir. Damla formasında olan şokolad kütləsi 29-30 dərəcədə əridilir. Sonra əridilmiş kütlə forma verən xüsusi qəliblərə doldurulur. 15-20 dəqiqə soyuducuda qaldıqdan sonra şokolad qəliblərdən çıxarılaraq qablaşdırılmaya verilir. Burada şokoladın müxtəlif formalı çeşidləri istehsal olunur. Qablaşdırılan məhsullarımız “ABAD” brendi altında satışa çıxarılır. Məhsullarımız çox dadlıdır, dadanlar çox razılıq edirlər”.

Hazırda müəssisədə gün ərzində 40-50 kiloqram şokolad istehsal olunur. Lakin sifarişlərin həcmindən asılı olaraq bu göstəricini artırmaq da mümkündür. İstehsalda yalnız saf kakao yağı və yüksəkkeyfiyyətli Belçika xammalı istifadə edilir ki, bu da yerli məhsulun beynəlxalq standartlara cavab verməsini təmin edir. Belə texnoloji yeniliklərin tətbiqi yerli kadrların peşəkar vərdişlərinin artmasına və rəqabətqabiliyyətli mütəxəssislərin yetişməsinə şərait yaradır.
Quba Regional “ABAD” mərkəzinin direktoru Elxan Nağıyevin sözlərinə görə, 1500 kvadratmetrlik bu müasir kompleksdə 10 “ABAD”çı ailə tərəfindən 101 çeşiddə məhsul hazırlanır. Kompleksdə şokoladla yanaşı, quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları sahələri də fəaliyyət göstərir. Bu yanaşma kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi sahəsində "ABAD"ın həyata keçirdiyi sosial-iqtisadi missiyanın əsasını təşkil edir.
Direktor müəssisənin yaranma tarixinə və dövlət dəstəyinə də toxunub: “Qubada "ABAD Factory” İstehsalat Kompleksinin açılışı 2018-ci ilin oktyabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilib. Burada ailə təsərrüfatlarına verilən dəstək proqramı uğurla davam etdirilir. Sahibkarların xammalının istehsalata ötürülməsi, milli məhsulların istehsalı və biznesin formalaşdırılması yönündə mühüm işlər görülür. Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba “ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Burada çalışanların ümumi sayı 40 nəfərdir”.

"ABAD"ın dəstəyi ilə ailə təsərrüfatlarının mini-müəssisələrə çevrilməsi regionlarda özünüməşğulluq proqramının səmərəliliyini artırır. Bu, dövlətin yeni iş yerlərinin açılması və əhalinin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətindəki strateji hədəflərinə tam uyğundur.
Maraqlı faktlardan biri də budur ki, istehsalat kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” kimi inşa edilib və uzun illər baxımsız qaldığı üçün yararsız vəziyyətə düşmüşdü. 2018-ci ildə "Paşa Holdinq"in dəstəyi ilə "ABAD" publik hüquqi şəxs tərəfindən əsaslı bərpa edilən bina indi Qubanın müasir sənaye və məşğulluq mərkəzlərindən biridir. Köhnə infrastrukturun bərpası və müasir avadanlıqlarla təchiz edilməsi regionun ümumi mənzərəsini dəyişməklə yanaşı, həm də yeni investisiyaların cəlb edilməsi üçün stimul yaradır.