Naxçıvan bələdiyyələri dayanıqlı enerji və iqlim layihələrinə cəlb olunur VİDEO
Naxçıvan, 13 fevral, AZƏRTAC
Naxçıvanda Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Merlər razılaşması – Şərq tərəfdaşlığı” (CoM East) təşəbbüsü çərçivəsində maarifləndirici tədbir təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir 35 bələdiyyə nümayəndəsini bir araya gətirib.
Görüşdə təşəbbüs haqqında məlumat verilib və şəhərlər üçün konkret dəstək mexanizmləri təqdim edilib. Bu dəstəyə dayanıqlı enerji və iqlim üzrə fəaliyyət planlarının hazırlanması üzrə metodiki vasitə, irəliləyişin izlənilməsi üçün alətlər, layihə dəstək xidməti, potensialın artırılması fəaliyyətləri, eləcə də iqlim layihələrinin icrasına yönəlmiş texniki dəstək daxildir.
Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç iqlim və enerji sahəsində konkret nəticələrin əldə olunmasında şəhərlərin rolunu vurğulayıb və bələdiyyələri təşəbbüsə qoşulmağa dəvət edib.
Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov enerji səmərəliliyinin Azərbaycanın davamlı inkişaf gündəliyinin əsas istiqamətlərindən biri olduğunu və bu siyasətin real nəticələrə çevrilməsində yerli səviyyədə atılan addımların mühüm rol oynadığını vurğulayıb.
Qeyd edək ki Naxçıvandan əvvəl belə maarifləndirici tədbirlər Bakı və Şəki şəhərlərində təşkil olunub. “Merlər razılaşması – Şərq tərəfdaşlığı” “Qlobal merlər razılaşması”nın tərkib hissəsidir. Bu qlobal təşəbbüs şəhərlərin iqlim liderliyi üzrə dünyanın ən böyük alyansıdır və 13 min 500-dən çox şəhər və yerli hakimiyyət orqanının öhdəlikləri üzərində qurulub. Bu şəhərlər 6 qitə və 147 ölkəni təmsil edir və ümumilikdə, 1,2 milyarddan çox əhalini əhatə edir.