Azərbaycanda 10 bələdiyyə "Merlər razılaşması-Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulub
Naxçıvan, 13 fevral, N.Əsgərov, AZƏRTAC
Enerji səmərəliliyi Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji siyasətinin əsas prioritet istiqamətlərindəndir. 2021-ci ildə qəbul edilmiş “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun bu sahədə institusional və hüquqi bazanı formalaşdırıb. Enerji səmərəliliyi sahəsində ölkəmizdə görülən işlər çoxşaxəlidir. Bu gün bələdiyyələrimiz üçün maraqlı ola biləcək mövzu həm də Enerji Effektivliyi Fondunun yaradılmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri "Merlər razılaşması-Şərq tərəfdaşlığı” təşəbbüsü ilə bağlı Naxçıvanda keçirilən tədbirdə çıxışı zamanı Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov söyləyib.
O bildirib ki, “Merlər razılaşması”na qoşulmuş və fəaliyyət planlarını təsdiqlətmiş bələdiyyələr bu fonda müraciət edərək pilot layihələr həyata keçirə bilərlər. Pilot layihələr binaların enerji səmərəliliyinin artırılması, izolyasiyası, istilik sistemlərinin təkmilləşdirilməsi, enerji effektivliyi yüksək olan avadanlıqların tətbiqi, o cümlədən Günəş panellərinin tətbiqi kimi sahələri əhatə edə bilər.
"Artıq ölkəmizdə 10 bələdiyyə bu təşəbbüsə qoşulub. Onların bir çoxunun fəaliyyət planı mövcuddur və icra edilməkdədir. Naxçıvanda keçirilən bugünkü tədbirdə əsas məqsəd də bu uğurlu nümunələri digər bələdiyyələrimizlə bölüşməkdir. Şəki və Mingəçevir bələdiyyələri bu gün öz təcrübələrini bölüşəcəklər", - deyə nazirliyin şöbə müdiri əlavə edib.