“Microsoft”un direktoru: AI yaxın iki ildə ofis işçilərinin əksəriyyətini əvəz edə bilər
Bakı, 13 fevral, AZƏRTAC
Süni intellekt (AI) növbəti iki il ərzində əksər ofis işçilərini əvəz edə bilər. Bu proqnozu “Microsoft”un süni intellekt üzrə baş direktoru Mustafa Süleyman “Financial Times” qəzetinə müsahibəsində verib.
AZƏRTAC xəbər verir ki, M. Süleyman müsahibəsində sözdə peşəkar süni intellektin proqramçıların, hüquqşünasların, mühasiblərin, menecerlərin və marketinq mütəxəssislərinin adi tapşırıqlarını yerinə yetirə biləcəyini qeyd edib. O, ofis funksiyalarının avtomatlaşdırılmasının bir çoxlarının gözlədiyindən daha sürətli baş verəcəyini vurğulayıb: 12-18 ay ərzində intellektual işin əhəmiyyətli bir hissəsi alqoritmlərə həvalə olunacaq.
Direktor, həmçinin süni intellektin inkişafı və fərdiləşdirilməsinin geniş yayılmış, əlçatan bir prosesə çevriləcəyini qeyd edib. O, yeni modellərin yaradılmasının podkast yaratmaq və ya bloq saxlamaq qədər asan olacağına inanır; şirkətlər və fərdlər öz ehtiyaclarına uyğun həllər hazırlaya biləcəklər.
Bundan əlavə, Mustafa Süleyman hesab edir ki, iki-üç il ərzində ağıllı agentlər böyük təşkilatların iş axınlarını idarə edə, məlumatların müstəqil şəkildə təhlilini apara və qərarlar verə biləcəklər. O, həmçinin “Microsoft”un öz süni intellekt texnologiyalarını daha fəal şəkildə inkişaf etdirmək və “OpenAI”dən asılılığını tədricən azaltmaq planlarını açıqlayıb. “Microsoft” şirkətlər arasında müqavilənin yenidən müzakirəsindən sonra modellərin hazırlanmasında daha böyük müstəqilliyə doğru irəliləmək niyyətindədir və bu strategiyanın ilk nəticələri 2026-cı ilin əvvəlində görünə bilər.