Gürcüstan Aşıqlar Birliyinin sədri Xəlil Hüseynovun 85 illik yubileyi keçirilib
Tbilisi, 12 fevral, AZƏRTAC
Gürcüstanda maarif fədailərimizdən olan, soydaşlarımızın elmə, biliyə, təhsilə marağının artmasında xüsusi rolu olan Gürcüstan Aşıqlar Birliyinin sədri Xəlil Hüseynovun 85 illik yubileyi və “Axtaracaq ellər məni” şeirlər kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Gürcüstanda tanınmış elm adamları, aşıqlar, söz, saz ustadları, ziyalılar iştirak ediblər.
GAK sədri Hüseyn Yusubov qonaqları salamlayaraq Xəlil Hüseynovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edənlər - X.Hüseynovun müəllim yoldaşları, dərs dediyi və hazırda Gürcüstanın müxtəlif bölgələrinə pedoqoji sahədə, eləcə də dövlət orqanlarında çalışan insanlar, aşıqlar yubilyar barədə xoş təəssüratlarını bölüşüb, onun şeirlərindən parçalar söyləyib, mahnılar ifa ediblər.
Sonda Xəlil Hüseynov çıxış edərək yüksək təşkilatçılığa görə Gürcüstan Azərbaycanlıları Konqresinə təşəkkürlərini bildirib.
Qeyd edək ki, X.Hüseynov Gürcüstanda doğulub, Azərbaycanda ali təhsil aldıqdan sonra yenidən Borçalıya qayıdıb. Burada gənc nəslin yetişməsində, eləcə də şeirin, mədəniyyətin, saz sənətinin inkişafında misilsiz xidmətlər göstərib. Onun şeirlərində Vətənə, xalqa, insana sevgi, məhəbbət hər zaman özünü göstərir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi