ƏRDƏBİLDƏ AZƏRBAYCAN MUSİQİSİ FESTİVALI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 15-16-da Ərdəbil şəhərində ilk dəfə görkəmli bəstəkar Əli Səliminin şərəfinə Azərbaycan musiqisi festivalı keçirilmişdir.
Əli Səlimi Bakıda anadan olmuşdur. Atası ərdəbilli olduğu üçün 1937-ci ildə onlar məcburiyyət qarşısında Ərdəbilə köçmüşlər. Bakıda yaşadığı müddətdə musiqi texnikumunda tar sinfi üzrə görkəmli musiqiçi, xalq artisti, əməkdar incəsənət xadimi və əməkdar müəllim Əhməd Bakıxanovdan dərs almış, eyni zamanda onun rəhbərliyi ilə Azərbaycan xalq çalğı alətləri ansamblında tarzən kimi fəaliyyət göstərmişdir.
Azərbaycan milli musiqisinin bərpası və qorunub saxlanması məqsədi ilə keçirilən festivalda Təbrizdən, Urmiyadan, Zəncandan, Ərdəbildən, eləcə də Tehrandan olan Azərbaycan müğənniləri iştirak etmişlər. Festivalın proqramı əsasən Azərbaycan muğamları və xalq mahnılarından ibarət idi.
İki gün davam edən festivalın münsiflər heyətinə Bakıdan dəvət olunmuş xalq artistləri - bəstəkar, professor, “Şöhrət” ordenli Tofiq Bakıxanov və tarzən, Azərbaycan radio və televiziyası Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblının rəhbəri Möhlət Müslümov da daxil idilər. Tofiq Bakıxanov açılış mərasimində çıxış etmişdir.
Festivalda 7 nəfər müsabiqə qalibinə diplomlar və pul mükafatları, iki nəfərə, o cümlədən münsif kimi Tofiq Bakıxanova üzərində məşhur Azərbaycan bəstəkarı, “Ayrılıq” mahnısının müəllifi Əli Səliminin xırda xatirə büstü təqdim olunmuşdur.
Bundan əlavə, münsiflər heyətinin bütün üzvlərinə, eləcə də Tofiq Bakıxanov və Möhlət Müslümova festivalın fəxri diplomu, “Bahari-azadı” qızıl sikkəsi təqdim edilmişdir.
Tədbirin bağlanış mərasimində Möhlət Müslümovun ustalıqla ifa etdiyi “Segah”, “Şur” muğamları böyük maraq və alqışlarla qarşılanmışdır.