SİYASƏT
Ərəb mediası: Azərbaycan Prezidenti Fransanı Cənubi Qafqazda destruktiv fəaliyyətdən əl çəkməyə çağırıb
![](/files/galleryphoto/2023/3/1200x630/1700638052447564505_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17006380523104013321_1200x630.jpg)
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə və Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə birgə mətbuata bəyanatında səsləndirdiyi fikirlər ərəb mediası tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, İraqın rəsmi INA agentliyi və “Əl Forat” portalı, Misirin “Əl Qahirə”, Səudiyyə Ərəbistanının “Independent Arabia”, Liviyanın “Əl Vəsat”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl Xalic” qəzetlərində dərc olunmuş materiallarda Azərbaycanın dövlət başçısının Fransanın Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirdiyi, revanşist qüvvələri təşviq etdiyi, regionda yeni müharibələrin başlaması üçün zəmin hazırladığı barədə fikirləri yer alıb.
Ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə etdiyini, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olduğunu, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını vurğulayıb.
Məqalələrdə qeyd olunub ki, Azərbaycan Prezidenti Parisi başqa dövlətlərə dərs keçmək praktikasına son qoymağa çağırıb, həmçinin Fransanın Cənubi Qafqazda destruktiv rol oynadığını, Ermənistanın isə Fransa hökumətinin marionetinə çevrildiyini və bunun regional sabitliyə ciddi təhlükə ola biləcəyini vurğulayıb.
Ərəb mediasının materiallarında diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Fransa hökumətindən gələn yanlış mesajların Ermənistan hökuməti və ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəyi ilə bağlı illüziya yaratdığını söyləyib.