Erməni millətçiləri son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə soyqırımı həyata keçiriblər
Tovuz, 30 mart, Famil Quliyev, AZƏRTAC
Erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib, onların hüquq və azadlıqları vəhşicəsinə kütləvi surətdə pozulub. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni ideoloqların uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər martın 30-da Tovuzdakı Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə səsləndirilib.
Tədbiri Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov açaraq ermənilər tərəfindən zaman-zaman xalqımıza qarşı törədilən soyqırımlarından danışıb.
Sonra Heydər Əliyev Mərkəzinin direktoru Hilay Aslanzadə, rayon Təhsil Şöbəsinin metodisti Mehman Əhmədov, Gənclər Mərkəzinin direktoru Rauf Rüstəmov və başqaları çıxış edərək bildiriblər ki, XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb.
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti 1918-1920-ci illərdə daha geniş yayılıb. Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlılar amansızlıqla, vəhşicəsinə qətlə yetiriliblər. Bu qanlı hadisələrin daha dəhşətlisi 1918-ci ilin martın 31-də törədilib. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 10 mindən çox, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı amansızlıqla qətlə yetirilib, yaşayış binaları, məscidlər və məktəblər yandırılıb. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Sonra tədbir iştirakçıları soyqırımla bağlı filmə baxıblar.
Tədbirin sonunda iştirakçılara soyqırımla bağlı hazırlanmış bukletlər paylanılıb.