ERMƏNİ TERRORUNU, SEPARATİZM VƏ İŞĞALINI İFŞA EDƏN TƏDQİQAT ƏSƏRİ
AZƏRTAC xəbər verir ki, iyunun 4-də Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-dramaturq və tədqiqatçı Aygün Həsənoğlunun “Erməni sindromu” əsərinin təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Araz Qurbanov tədbiri açaraq, yeni kitabın işıq üzü görməsi münasibətilə müəllifi təbrik edərək bildirmişdir ki, Aygün Həsənoğlu ədəbi ictimaiyyətə özünün vətənpərvəliyi, cəsarətli fikirləri ilə yaxşı tanışdır.
“Qovuq”, “Yeddi qapı” hekayə və publisistik əsərləri ilə geniş oxucu auditoriyası qazanmış A.Həsənoğlunun növbəti kitabının - “Erməni sindromu”nun gərgin axtarışların, böyük zəhmətin məhsulu olduğunu vurğulayan natiq demişdir ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən, işğalçılıq siyasətindən bəhs edən xeyli kitab yazılıb. Lakin onların arasında sanballıları çox azdır. Həmin sanbalı kitablar arasında bu gün təqdimatı keçirilən nəşrin xüsusi yeri vardır.
Yeni tədqiqat əsərində ermənilərin və Ermənistan Respublikasının Azərbaycana qarşı silahlı təcavüzünün tarixi dərindən və ətraflı araşdırılır. Bu təcavüz zamanı törədilmiş soyqırımı, işgəncə, terror, vandalizm aktlarından, əsir və girovlara, itkinlərə münasibətdə insan hüquqlarının tapdalanmasından söz açılır, insanlığa qarşı yönəlmiş cinayətlər beynəlxalq hüquq normaları çərçivəsində təhlil olunub konkret faktlarla sübuta yetirilir.
Qarabağ müharibəsi veteranı Şamil Sabiroğlu, jurnalist Telman Qasımov və başqaları mərasimdə “Erməni sindromu”nun müxtlif məziyyətlərindən danışmışlar.
Tədbirdə kitabın xarici dillərə tərcümə edilməsinin vacibliyindən söz açılmışdır.
Mərasimdə diqqətə çatdırılmışdır ki, “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı” fəsli ilə başlayan əsərdə oxuculara gərgin axtarışların məhsulu olan “Soyqırımın yeni mərhələsi”, “Deportasiya və etnik təmizləmə”, “Soyqırım davam edir”, “Kütləvi qətllər”, “Cəzalandırılmamış cinayətlər”, “İtkinlər, əsirlər, girovlar”, “Ermənilər hara gedirlər”, “Bitməyən erməni terroru” və sair fəsillər təqdim olunur.
“Ermənilər haqqında deyilənlər” paraqrafında müxtəlif millətlərdən olan tədqiqatçıların, alimlərin, yazıçıların, səyyahların, hərbçilərin, jurnalistlərin ermənilərin mənfur xislətini sübut edən fikirlərinin verilməsi də kitabın uğuru kimi dəyərləndirilmişdir.
Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını çatdıran Aygün Həsənoğlu bildirmişdir ki, o, yeni kitabında Ermənistan Respublikasının Azərbaycan Respublikasına və onun vətəndaşlarına, milli mədəniyyət nümunələrinə, təbii sərvətlərinə münasibətini məhz faşist cəlladlarına qarşı Nürnberq Hərbi Tribunalında irəli sürülmüş maddələr kontekstində araşdırmış, konkret faklar əsasında təhlil aparmışdır.
Kitabın elmi redaktoru Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü, siyasi elmlər doktoru Rövşən Mustafayevdir.
######
