“ERMƏNİ XƏYANƏTİ VƏ GÜRCÜSTAN”
AZƏRTAC xəbər verir ki, “Hərbi nəşriyyat” “Erməni xəyanəti və Gürcüstan” kitabını çapdan buraxmışdır.
Kitaba son illərdə Gürcüstanın kütləvi informasiya vasitələrində dərc edilmiş müxtəlif yazılar, o cümlədən jurnalist tədqiqatları daxil olunmuşdur. Bu materialları gürcü dilindən kitabın tərtibçisi Nəriman Əliyev tərcümə etmişdir.
Ön sözün müəllifi biologiya elmləri namizədi, Tbilisinin fəxri vətəndaşı, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü Aslan Aslanov, elmi redaktoru tarix elmləri namizədi Kərəm Məmmədovdur.
Kitabdakı materiallarla tanışlıq bir daha göstərir ki, erməni millətçiləri həmişə təkcə Türkiyə və Azərbaycana yox, həm də Gürcüstana qarşı fitnəkar, məkrli siyasət yürütmüş və bu, indi də davam edir. Abxaziyanı erməniləşdirmək, Samtsxe-Cavaxetiyanı Gürcüstandan qopararaq, Qara dənizə çıxış əldə etmək onların ən böyük arzularındandır.
Oxucular 1918-ci il Ermənistan-Gürcüstan müharibəsi, Abxaziyada “Baqramyan” adlı batalyonun törətdiyi vəhşiliklər, gürcü abidələrinə, mədəni irsinə, kilsəsinə erməni təcavüzü barədə yazılarla tanış ola biləcəklər. Məşhur gürcü yazıçısı və ictimai xadimi İlya Çavçavadzenin kitabdakı materiallardan birinə epiqraf kimi verilmiş “Biz yaxşı, ya pis idik, buna baxmayaraq, sizi qəbul edib, sizə qardaş kimi sığınacaq verdik ki, bizim evimizdə bizə düşmən olmayasınız” sözləri erməni millətçilərinin xain xislətini bir daha sübut edir.
Kitabda yazıların məzmununu tamamlayan çoxlu fotoşəkillər də verilmişdir.
######
