Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini ciddi çirklənmələrə məruz qoyur
Bakı, 24 sentyabr (AZƏRTAC). Milli Məclisin deputatı Xanhüseyn Kazımlının rəhbərlik etdiyi işçi qrupu Azərbaycanın işğal olunmuş ərazilərinə Ermənistan tərəfindən vurulan ziyanları araşdıran zaman bu dəfə də maraqlı məqamlar üzə çıxmışdır.
Son vaxtlar Azərbaycan üçün heç də xarakterik olmayan isti və quru iqlim şəraiti davam edir və bu vəziyyət ölkə üçün xeyli çətinliklər yaradır. Bundan istifadə edən Ermənistan Azərbaycan üçün əlverişli olmayan bu şəraiti daha da kəskinləşdirmək və ölkəmizin aran bölgələrində məhsuldarlığı aşağı salmaq üçün hələ sovet dövründə Dağlıq Qarabağın yüksəkliklərində quraşdırılan buluddağıdan toplardan istifadə edərək, Azərbaycanın aran bölgələrində az da olsa gözlənilən yağıntının miqdarını kəskin şəkildə aşağı salır. Quraqlığın törədə biləcəyi fəsadların miqdarını artırmaq üçün ermənilər yay aylarında Qarqarçay və Tərtərçay üzərində qurulmuş su hövzələrindən Azərbaycanın aran rayonları istiqamətinə verilən suyu tamamilə dayandırır, işğal altında saxladıqları ərazilərdə genişmiqyaslı yanğınlar törətməklə müxtəlif ziyanvericilərin və gəmiricilərin həmin ərazilərdən ölkənin aran bölgələrinə keçməsinə şərait yaradır. Yanğın təhlükəsindən xilas olaraq ölkənin aran bölgəsinə keçən bu gəmiricilər, ziyanvericilər və zəhərli ilanlar zəmilərə, bostanlara, mülki əhalinin şəxsi təsərrüfatlarına soxularaq bütün əkin sahələrini kütləvi şəkildə məhv edir və eyni zamanda, insanların sağlamlıqlarına da ciddi təhlükə yaradır.
Bütün bunlarla kifayətlənməyən ermənilər şirin su hövzələrini, xüsusilə də Araz çayını Ermənistanın mis mədənlərinin və kimya zavodlarının zəhərli tullantı maddələri ilə çirkləndirilir və nəzarət altında saxladıqları ərazilərdəki əkin sahələrinin təcavüz nəticəsində boş qalmış torpaq sahələrini minalayaraq istifadəsiz hala gətirir, eləcə də qış aylarında Qarqarçay və Tərtərçay su hövzələrində bütün il boyu yığılan suları Azərbaycanın aran rayonları istiqamətinə açıb buraxır və suyun axarı ilə partlayıcı maddələr axıdırlar ki, bu da sonralar Azərbaycan əhalisi arasında ciddi tələfatlara səbəb olur.
2008-2011-ci illərdə Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlarda ermənilər tərəfindən atmosferə 2329.29 ton zərərli maddə atılmışdır. Bunlardan 2074.9 tonu toz, 40.22 tonu kükürd dioksid, 37.24 tonu azot oksid, 176.44 tonu isə karbon oksid olmuşdur.
Bu illər ərzində su hövzələrinə 215.75 ton zərərli maddə buraxılmışdır. Bunlardan 165.222 tonu asılqanların (suspenziya) payına düşür. Ammonyakın payı 0.369 ton, sintetik maddələrin payı isə 0.76 ton olmuşdur.