ERMƏNİSTANI SİYASİ SABİTSİZLİK DÖVRÜ GÖZLƏYİR
Ermənistanda prezident seçkiləri “ölkəni ikiyə parçaladı və daxili siyasi vəziyyət gərgin olaraq qalır. AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə bildirilir ki, bu fikri Britaniyanın “İntənəşnl biznes monitor” analitik qrupunun MDB ölkələrində vəziyyəti müntəzəm izləyən ekspertləri söyləmişlər.
Onlar demişlər: “Ermənistanda seçkilərin nəticələrinin saxtalaşdırıldığı barədə ittihamlarla əlaqədar prezident Robert Koçaryan legitimlik iddiasında ola bilməz. Müxalifət partiyaları isə cəmiyyətdə getdikcə artan etiraz əhval-ruhiyyəsindən öz xeyrinə istifadə edir. Lakin belə bir şəraitdə müxalifətin mayda keçiriləcək seçkilərdən sonra parlamentdə təsirinin güclənməsinə nail ola biləcəyi hələlik aydın deyildir”.
Ekspertlər xüsusi vurğulayırlar ki, “hətta əvvəllər siyasi cəhətdən süst olan vətəndaşlarda da etiraz əhval-ruhiyyəsi var. İndi onlar da ölkədəki sosial-iqtisadi vəziyyətdən çox narahat olduqlarını bildirirlər”. Britaniya ekspertləri mayda parlament seçkiləri ilə eyni vaxtda konstitusiyaya düzəlişlərə dair referendum keçiriləcəyini də istisna etmirlər. Bu düzəlişlər “opponentlərin tənqidini boğmalı və xaricdən edilən tənqidə cavab verməlidir”.
“İntənəşnl biznes monitor” qrupu ekspertlərinin fikrincə, “konstitusiyada dəyişikliklər nəticəsində ölkədə hətta daha demokratik praktika tətbiq edilsə də, perspektivdə Ermənistan siyasi sabitsizlik dövrü keçirəcəkdir.