Ermənistanın mina terroru bölgədəki sülh Quruculuğu prosesini sarsıdır - Politoloq
Bakı, 29 aprel, AZƏRTAC
Dünən Tərtərdə mina partlayışı nəticəsində üç nəfərin həlak olması bir daha onu göstərir ki, erməni tərəfi 30 il ərzində bölgəni mina “anbarı”na çevirib və hazırda da müxtəlif yollarla əraziləri minalamaqda davam edir. Faktiki olaraq hər həftə Qarabağda azərbaycanlıların minaların qurbanı olması dözülməzdir və bu məsələdə beynəlxalq ictimaiyyət Ermənistanla bağlı adekvat tədbirlər görməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov söyləyib.
Politoloq qeyd edib ki, XXI əsrdə müharibənin getmədiyi ərazilərdə mülki şəxsləri hədəf alan mina terroru utancverici və bəşəri dəyərlərə təhqirdir. Əgər Ermənistan mina terroruna davam edərsə, Azərbaycan rəsmi İrəvanı və separatçıları cəzalandıracaq. Hələlik rəsmi Bakı erməni terrorçularına və beynəlxalq ictimaiyyətə doğru olan addımları atmağa şans verir. Lakin görünür, beynəlxalq qurumların reaksiyası susqunluqla davam edəcək.
"Artıq növbəti dəfədir ki, azərbaycanlılar mina tələsinə düşürlər, lakin aidiyyəti qurumlar səslərini çıxarmır. Bu, beynəlxalq təşkilatlar üçün utancverici haldır. Ona görə də həmin təşkilatlar sabah Azərbaycandan nə isə xahiş etdikdə rədd cavabı alacaqlarını yaxşı bilsinlər.
Bundan əvvəl, 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların Azərbaycana gətirilməsi və burada basdırılmasından irəli gələn problemlər 12 beynəlxalq qurumun diqqətinə çatdırılmışdı. Azərbaycan tərəfi “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyata yığılmasının, istehsalının və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya” da daxil olmaqla, müvafiq beynəlxalq formatlarda diplomatik fəallıq göstərib. Bundan başqa, il ərzində BMT, Avropa İttifaqı, NATO da daxil olmaqla, beynəlxalq təşkilatlarla və bir sıra ölkələrlə Azərbaycanda mina probleminin aradan qaldırılması üzrə əməkdaşlıq yolları barədə dialoq aparılıb. Lakin reaksiya demək olar ki, yoxdur", - deyə Z.Məmmədov vurğulayıb.
O əlavə edib ki, baş verən hadisələr fonunda hazırda bölgədə sülh prosesi ilə məşğul olanlar İrəvana təzyiq göstərməlidirlər. Çünki mina terroru bölgədəki sülh quruculuğu prosesini sarsıdır və etimad mühitinə zərbə vurur. Əgər beynəlxalq aktorlar ermənilərin mina terroruna qarşı susqunluq nümayiş etdirəcəklərsə, Azərbaycan özü hədəfləri vurmaq hüququna malik olaraq adekvat addımlar atacaq. Belə ki, harada yerləşmələrindən asılı olmayaraq, mina zavodunun və terrorçuların zərərsizləşdirilməsi baş verə bilər.
Bu hadisələr birbaşa olaraq separatçıların və Ermənistan rəhbərliyinin məsuliyyətidir, baş verəcək hadisələrin cavabdehləri də məhz onlar olacaqlar.