Əsgər Rəsulov: Elektron Arxiv Məlumat Sistemindən minlərlə insan istifadə edir
Bakı, 16 noyabr, Ceyhun Alışlı, AZƏRTAC
Milli Arxiv İdarəsi arxiv işi sahəsində yeni elektron xidmətlərdən istifadə edir. Elektron arxivlərin qurulması məqsədilə yaradılan və istifadə edilən informasiya sistemləri, həmçinin arxiv işinin elektronlaşdırılması istiqamətində görülən işlərin nəticəsi olaraq, hazırda Elektron Arxiv Sistemi, Elektron Arxiv Məlumat Sistemi və Elektron Hesabatlar Sistemi adı altında dövlət informasiya ehtiyatları sistemi fəaliyyət göstərir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov deyib.
Qurumun rəhbəri əlavə edib ki, elektron arxivlərin qurulması, həmçinin kağız əsaslı arxiv sənədlərinin rəqəmsallaşdırılması və müvafiq məlumat bazasının idarə edilməsi istiqamətində xüsusi proqram təminatlarından, sənədlər üçün alınmış xüsusi skanerlərdən istifadə olunur.
“Milli Arxiv İdarəsi dövlət arxivlərində mühafizə edilən fondlar və onların tərkibi barədə açıq informasiyalardan ibarət məlumatı Elektron Arxiv Məlumat Sistemi (EAMS) vasitəsilə istifadəçilərin ixtiyarına verib. Sistemdə istifadəçi onu maraqlandıran hər hansı bir mövzu ilə əlaqədar axtarış apara, məlumatın hansı arxivdə, hansı fondda saxlanıldığını öyrənə və hansı dövrə aid olduğu barədə məlumatı onlayn rejimdə interaktiv şəkildə əldə edə bilər. EAMS ilə İdarənin rəsmi internet saytında tanış olmaq olar. Hazırda sözügedən sistemdən minlərlə istifadəçi yararlanır”, - deyə Milli Arxiv İdarəsinin rəhbəri vurğulayıb.