SİYASƏT
“Eurasia Review”: Cənubi Qafqazda sülh və sabitlik ikitərəfli səylərlə bərpa oluna bilər
Bakı, 28 yanvar, AZƏRTAC
2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyannamənin imzalanması İkinci Qarabağ Müharibəsini bitirməklə yanaşı Ermənistanla Azərbaycan arasında otuz ilə yaxındır davam edən münaqişəyə son verdi. Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Eurasia Review” portalında “Cənubi Qafqazda sülh və sabitlik quruculuğu ikitərəfli səylərlə baş verməlidir” sərlövhəli məqaləsində məlumat verilib.
BMTM-dən AZƏRTAC-a bildirilib ki, məqalədə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə həm Ermənistan, həm də Azərbaycan üçün 1991-ci ildən bəri ilk dəfə olaraq iki ölkə arasında bütün iqtisadi və nəqliyyat kommunikasiyalarını açmaq üçün həqiqi ümidin yarandığı qeyd olunub. Bildirilib ki, 2021-ci il yanvarın 11-də yeni üçtərəfli Moskva bəyannaməsinin imzalanması bölgədəki bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını rəsmiləşdirib. Rusiya, Azərbaycan və Ermənistanın müvafiq hökumət orqanlarına Naxçıvan dəhlizinin açılması ilə bağlı konkret təkliflər irəli sürmək tapşırılıb.
Yazıda müəllif 10 noyabr bəyannaməsindən sonra baş verən hadisələrin müşahidəsinə əsaslanaraq Azərbaycanın, həqiqətən, regional sülh və sabitliyin bərqərar olmasında ciddi səylər göstərdiyini, rəsmi Bakının siyasətinin əməkdaşlığa yönəldiyini ifadə edib. Bu, Azərbaycanın yerli erməni əhalisinin vəziyyətinin yaxşılaşdırlması üçün humanitar yüklərin daşınmasına verilən icazə, Kəlbəcər rayonunun boşaldılması üçün müddətin noyabrın 15-dən 25-dək uzadılması, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinin Ermənistan tərəfindən istifadəsinə icazənin verilməsi və bu kimi digər tədbirləri əhatə edir. Təəssüf ki, Azərbaycanın bu humanist addımları Ermənistan tərəfindən düzgün qiymətləndirilmir, əvəzində isə çoxsaylı təxribatlara əl atılır. Unutmaq olmaz ki, son 30 il ərzində Cənubi Qafqazda yaradılması mümkün görünməyən “Pax Caucasia” - sülh və əməkdaşlıq mühitinin bərqərar olması hər iki tərəfin ciddi səyləri ilə mümkündür.