“Eurovision” müsabiqəsinin azərbaycanlı iştirakçıları Danimarkanın milli seçimləri üzrə münsiflər heyətində iştirak edirlər
Bakı, 16 yanvar (AZƏRTAC). “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycana qalibiyyət qazandırmış Eldar Qasımov və Nigar Camal, 2009-cu ildə bu yarışmada üçüncü yerin sahibi olmuş Aysel Teymurzadə, tanınmış prodüser və bəstəkar İsa Məlikov, eləcə də milli seçim turunda iştirak edən Dilarə Kazımova Danimarkanın bu mötəbər yarışmada təmsilçisinin müəyyənləşməsi üçün keçirilən seçimlərdə münsiflər heyətində iştirak edirlər.
AZƏRTAC müsabiqənin rəsmi internet saytına istinadla xəbər verir ki, ölkənin münsiflər heyətinə Azərbaycanla yanaşı, son dörd ildə bu müsabiqədə qələbə qazanmış Almaniya, Norveç və Rusiyadan olan ekspertlər də daxil edilmişlər. Bunların sırasında Norveçin “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak, Almaniyadan Peter Bergener, Roger Cicero və başqaları da vardır.
Danimarkanın bu mötəbər yarışmada təmsilçisini müəyyənləşdirmək üçün ənənəvi olaraq təşkil edilən “Dansk Melodi Grand Prix” müsabiqəsinin final mərasimi peşəkar münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi ilə yanvarın 21-də Aalborq şəhərində keçiriləcəkdir. Milli seçim turunun final mərasimində 678 mahnı sırasından seçilən 7 ən yaxşı musiqi mübarizəyə qatılacaqdır.
Danimarka ötən il “Eurovision” müsabiqəsində uğurlu çıxış edərək “New Tomorrow” (Yeni sabah) mahnısı ilə 5-ci yerdə qərarlaşmışdır.