Faiq İsmayılov: Ağdamda dövlət qeydiyyatında olan 93 abidədən çox az qismi salamat qalıb
Ağdam, 17 avqust, A.Yavərzadə, AZƏRTAC
Ağdamda mənim diqqətimi ən çox çəkən mədəni irs nümunələrimizdir. Bu dağıntılar mənim üçün yeni deyil. Dağıdılmış mədəni irs nümunələrimizə aid uzun illər materiallar toplamışam. Bu abidələrin məhv edilməsi yolverilməzdir. 2011-ci ildə həm Ağdam Cümə məscidinin, həm də Şahbulaq qalasının vandalizmə məruz qoyulmasına görə Ermənistanı məhkəməyə vermişik. Biz onların vandallığını sübut etmək üçün kifayət qədər material yığmışıq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında avqustun 17-də Ağdamda səfərdə olan Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov söyləyib.
O deyib: “Ağdam kifayət qədər tarixi əhəmiyyətə malik yerdir. Burada 5 məscidimiz ermənilər tərəfindən tamamilə məhv edilib. Dövlət qeydiyyatında olan 93 abidədən çox az qismi salamat qalıb. Ağdamda artıq yenidənqurma işləri başlayıb və güman edirəm ki, burada işləyən, çalışan hər bir əməkdaş təlimatlandırılmalıdır. Çünki burada qazıntı işləri aparılan zaman tarixi əhəmiyyət daşıyan əşyalar və s. tapıla bilər”.
Ermənilərin Şahbulaq qalasında təmir işləri apararaq bir hissəsini dağıtdıqlarını, özlərindən əlavələr etdiklərini bildirən F.İsmayılov qeyd edib ki, bu abidələr yenidən öz görkəminə qaytarılmalı və bu yerlərə turistlər cəlb olunmalıdırlar. Qoy, hər kəs düşmənin niyyətini görsün. Görsün ki, onlar Azərbaycanın tarixi-mədəni abidələri hesabına özlərinə tarix düzəltmək istəyirlər.