FAO: 866 milyona yaxın fermer dünyanı qida ilə təmin edir
Madrid, 16 dekabr, AZƏRTAC
Hazırda təqribən 866 milyon insan kənd təsərrüfatı ilə məşğuldur ki, bu da dünyanın işçi qüvvəsinin dörddəbir hissəsindən çoxunu təşkil edir. Onlar 3,6 milyon dollar həcmində əlavə dəyər istehsal ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.
FAO-nun qida və iqtisadi ölçü üzrə son illik statistik hesabatında qeyd edilir ki, bu rəqəmlər 16 faiz az insan tərəfindən istehsal edilən iqtisadi dəyərin 78 faiz artımını (2000-ci illə müqayisədə) nümayiş etdirir. Bununla yanaşı, Afrikada artım sürəti iki dəfə yüksəkdir.
FAO-nun hesablamalarına görə, planetin 4,74 milyard hektara yaxın ərazisini kənd təsərrüfatı yerləri, o cümlədən otlaqlar, eləcə də əkin sahələri təşkil edir.
Bununla belə ərzağın dünya üzrə ixracı 2000-ci ildən bəri 3,7 dəfə artaraq 1,42 trilyon dollara çatıb. ABŞ, Niderland və Çin əmtəə dövriyyəsində ən iri ixracatçı ölkələrdir.
2000-2020-ci illərdə şəkər qamışı, qarğıdalı, buğda və düyü kimi əsas bitkilər 52 faiz artaraq 9,3 milyard tona çatıb. Bitki yağının istehsalı bu dövr ərzində 125 faiz, palma yağı istehsalı isə 236 faiz artıb. Ət istehsalı, ilk növbədə, toyuq əti istehsalı bu dövrdə 45 faiz, meyvə və tərəvəz istehsalı 20 faiz yüksəlib.
Şəkər qamışı istehsal həcminə görə dünyada ən çox becərilən bitkidir - ildə 1,9 milyon ton. Sonrakı yerdə 1,2 milyard ton istehsal həcmi ilə qarğıdalı gəlir.
FAO-nun məlumatına görə, dünya üzrə pestisidlərdən istifadə 2012-ci ildə özünün pik həddinə çatıb və 2017-ci ildə aşağı düşməyə başlayıb. Sent-Lüsiya, Maldiv və Oman bir hektar əraziyə görə ən yüksək miqdarda pestisiddən istifadə edən ölkələrdir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid