FAO AZƏRBAYCAN ÜÇÜN MİLLİ ORTAMÜDDƏTLİ PRİORİTET ÇƏRÇİVƏ SƏNƏDİ HAZIRLAYIR
Bakı, 28 yanvar (AZƏRTAC). Azərbaycan hökuməti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki nümayəndəliyi tərəfindən Milli Ortamüddətli Prioritet Çərçivə Sənədinin hazırlanması prosesi başlanmışdır. Bu münasibətlə yanvarın 28-də hər iki tərəfin, habelə özəl qurumların təmsilçilərinin iştirakilə müşavirə keçirilmişdir.
Tədbirin məqsədi kənd təsərrüfatı və aqrar sektorda, o cümlədən meşəçilik və balıqçılıq sahələrində fəal olan milli və beynəlxalq maraqlı tərəfləri çərçivə sənədinin hazırlanması prosesinə başlanılması barədə məlumatlandırmaq, onların bu işdə maraqlarını və iştirakını təmin etmək, növbəti 3-4 ildə FAO-nun respublikaya yardımı üçün prioritet istiqamətlərin müəyyənləşdirilməsi idi.
Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, FAO-nun Mərkəzi Asiya üzrə subregional əlaqələndiricisi və Azərbaycan üzrə nümayəndəsi Mustafa Senase, çöl tədqiqatları proqramının böyük əməkdaşı Raymund Yele, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçisi Arif İsgəndərov çıxış etmişlər. Çıxışlarda ölkənin iqtisadi inkişafı, o cümlədən aqrar sahədə mövcud vəziyyət təhlil edilmiş, Azərbaycan-FAO əməkdaşlığının uğurlu nəticələri xatırladılmış, hazırlanacaq çərçivə sənədinin ölkənin aqrar sahəsinin inkişafında, ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu yüksək qiymətləndirilmişdir.
Müşavirədə kənd təsərrüfatı məhsulları istehsalının səmərəli artırılması yolları barədə təkliflər bildirilmiş, üstün inkişaf etdirilməli sahələrə dair fikir mübadiləsi aparılmışdır.
FAO yardımının strateji prioritetləşdirilməsi, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, ölkənin ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün ehtiyatların səfərbər edilməsinin dəstəklənməsi və s. məsələlər də müzakirə mövzusu olmuşdur.