Faşizm üzərində Qələbənin 73-cü ildönümü cənub bölgəsində də təntənə ilə qeyd olunub
Astara, 9 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 9-da ölkəmizin cənub bölgəsində İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 73-cü ildönümü təntənə ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astarada keçirilən bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, İkinci Dünya müharibəsinin iştirakçıları, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və ictimaiyyətin nümayəndələri Qəhrəmanlar bağında Sovet İttifaqı qəhrəmanları Ziya Bünyadovun, Mirzə Cəbiyevin və İlya Koverinin, “Şöhrət” ordenlilər Ağahəsən Nəhmətovun və Rəhmət Hətəmovun, Milli Qəhrəman Yalçın Nəsirovun abidələri önünə əklillər və gül dəstələri düzərək, qəhrəmancasına həlak olan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Mərasim “Şindan” istirahət mərkəzində bayram süfrəsi arxasında davam etdirilib.
Böyük Vətən müharibəsi iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən Q.Ağayev müharibndə azərbaycanlı döyüşçülərin qəhrəmanlıqlarını, arxa cəbhədə çalışanların fədakar əməyini yüksək dəyərləndirib.
Ölkəmizdə veteranlara göstərilən dövlət qayğısından danışan icra hakimiyyətinin başçısı bu gün Azərbaycanın Qarabağ müharibəsinə cəlb olunduğunu və bu müharibədə yüzlərlə soydaşımızın şəhid olduğunu diqqətə çatdırıb. O, erməni qəsbkarları tərəfindən zəbt olunmuş Azərbaycan torpaqlarının Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olacağına əminliyini ifadə edib.
Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları təşkilatı Astara rayon şəbəsinin sədri Rafiq Əliyev, rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, əmək veteranı Paşa Əkbərov və başqaları İkinci Dünya müharibəsində Qələbənin əldə edilməsində azərbaycanlı döyüşçülərin, o cümlədən astaralıların qəhrəmanlıqlarından danışıb, ölkəmizdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda qeyd olunub ki, İkinci Dünya müharibəsində 5612 astaralı döyüşçü iştirak edib. Onlardan 1064-ü həlak olub, 827 nəfəri isə itkin düşüb.
x x x
Lənkəranda İkinci Dünya müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidə-kompleksin önündə keçirilən mərasimdə şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, müharibə və əmək veteranları, hüquq mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları “Naməlum əsgər” abidə-kompleksinin önünə əklillər və gül dəstələri düzərək Böyük Vətən müharibəsində həlak olan azərbaycanlıların xatirəsini ehtiramla yad ediblər.
Mərasim iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan xatirə parkında davam etdirilib.
Tədbir iştirakçıları cəsur həmyerlimizin əzəmətli abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Lənkəran Dövlət Dram Teatrının aktyoru, Xalq Artisti Qabil Quliyevin, məktəblilərin qəhrəmanlıq, ana, Vətən mövzusunda söylədikləri şeirlər iştirakçılara xoş ovqat bəxş edib.
Daha sonra mərasim iştirakçıları general Həzi Aslanovun şəhərin mərkəzindəki ev-muzeyində igid qəhrəmanın həyat və döyüş yolunu əks etdirən ekspozisiyalarla tanış olublar.
Tədbir şəhərdəki istirahət mərkəzində bayram süfrəsi arxasında davam etdirilib.
Bayram sevincini müharibə veteranları ilə bölüşən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə onlara göstərilən yüksək dövlət qayğısından danışıb, müharibə iştirakçılarına ən xoş arzularını çatdırıb. Qeyd olunub ki, bəşəriyyətə böyük fəlakət gətirən İkinci Dünya müharibəsində digər millətlərlə çiyin-çiyinə minlərlə azərbaycanlı da iştirak edib. Onlardan bir qismi həlak olub, digər qismi isə Qələbədən sonra Vətənə qayıdaraq tikinti-quruculuq işərində çalışıblar.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğı artırılıb, onların sosial-məişət problemlərinin həlli ilə əlaqədar bir sıra layihələr icra olunub. Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev hər il Böyük Vətən müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.
T.Qaraşov çıxışında işğal altında olan torpaqlarımızın dövlətimizin başçısının rəhbərliyi ilə yaxın zamanlarda azad olunacağına və Qələbə bayramının Şuşada, Xankəndində, digər tarixi məkanlarımızda qeyd ediləcəyinə əminliyini bildirib.
Müharibə veteranları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
x x x
9 May - Qələbə Günü münasibətilə Cəlilabaddakı xatirə parkındakı “Ana” abidəsi önündə keçirilən tədbirdə İkinci Dünya müharibəsində həlak olan cəlilabadlı döyüşçülərin xatirəsi ehtiramla yad edilib.
Bayram tədbirində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov Böyük Vətən müharibəsinin iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.
Dünyanı faşizm dəhşətindən xilas edən və xalqlara azadlıq gətirən insanların dərin minnətdarlığa və böyük hörmətə layiq olduğunu vurğulayan N.Zeynalov İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının əvəzsiz rolundan, həmyerlilərimizin döyüş meydanlarında və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlardan danışıb.
Tədbirdə çıxış edən müharibə veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq ölkəmizdə, o cümlədən Cəlilabad rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirib, gənc nəslə öz ağsaqqal məsləhətini verib, Qələbə Gününün ən qısa zamanda Qarabağda da qeyd olunacağına əminliklərini ifadə ediblər.
Mərasimdə müharibə veteranlarına hədiyyələr verilib.
x x x
Masallıdakı Qəhrəmanlar parkında İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, müharibə və əmək veteranları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları İkinci Dünya müharibəsində həlak olmuş masallıların xatirəsinə ucaldılan abidə-kompleksinin önünə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Fəxrəddin Mirzəliyev və başqaları 73 il əvvəl alman faşizmi üzərində qazanılmış Qələbənin tarixi əhəmiyyətindən danışaraq ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Müharibə veteranları bu gün də Azərbaycanın igid oğullarının düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə daim hazır olduqlarını diqqətə çatdırıblar.
x x x
Lerik Rayon İcra Hakimiyyətində İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 73-cü ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Lerik şəhərində Böyük Vətən və Qarabağ müharibələrində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksinin önünə gül dəstələri düzərək müharibədə həlak olanların xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə müharibə veteranlarına təbriklərini çatdırıb. O, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədə Azərbaycan xalqının əvəzsiz rolundan, azərbaycanlıların döyüş meydanlarında və arxa cəbhədə göstərdikləri fədakarlıqlardan danışıb.
Qeyd olunub ki, İkinci Dünya müharibəsində Lerik rayonundan cəbhəyə yola salınan 6500 nəfərdən 1584-ü həlak olub, 3314 nəfər yaralanıb.
Bildirilib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 9 May - Qələbə Günü dövlət bayramı səviyyəsində qeyd edilməyə başlanılıb. Hər il Qələbə Günü münasibətilə dövlət büdcəsindən müharibə veteranlarına birdəfəlik maddi yardımlar verilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi, polkovnik Arif Həsənov, Qarabağ müharibəsi əlili Veysəl Məlikov, rayon veteranlar təşkilatının sədri Hidayət Bəşirov, müharibə veteranlarından Daşdəmir Paşayev, Söhbət Fərziyev, Əməkdar Müəllim Gültəkin Şıxəliyeva alman faşizmi üzərində qazanılmış Qələbə ilə Azərbaycan xalqının da haqlı olaraq fəxr etdiyini, bu günün unudulmaz tarixə çevrildiyini bildiriblər.
Çıxış edənlər Qələbə Gününü Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda Qarabağ torpaqlarında, qədim Şuşa şəhərində qeyd ediləcəyinə əminliklərini ifadə ediblər.