Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır VİDEO
Üç ildə 2000-dən çox iştirakçı, 116 komanda – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi regionlarda yeni startap imkanları yaradır
Bakı, 20 avqust, AZƏRTAC
Biz startapların yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da tanıdılması üçün dəstək göstəririk. “Roadshow” layihəsi çərçivəsində müxtəlif startaplarımızın beynəlxalq tədbirlərdə iştirakı təmin olunub, şəbəkələşmə və investorlarla əlaqələrin qurulması üçün şərait yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat mərasimində deyib. O bildirib ki, innovasiya bir şəhərə və ya mərkəzə bağlı olmamalıdır. Bu gün ölkəmizin hər yanında yaradılmış güclü rəqəmsal infrastruktur innovativ düşüncəli icmaların böyüməsi üçün real imkanlar yaradır. İnnostart layihəsinin də məqsədi bu potensialı reallaşdırmaq, innovativ yanaşması ilə öz bölgəsinin iqtisadiyyatına müsbət töhfə vermək istəyən startapları dəstəkləməkdir.
Onun sözlərinə görə, bu layihə son 3 ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. 2024-2025-ci illərdə layihənin əhatə dairəsinin genişləndirilməsi ilə 4 region, 20 şəhər və bir rayonda innovasiyayönümlü fəaliyyət həyata keçirilib. Layihə çərçivəsində ümumilikdə 32 maarifləndirmə tədbiri, 8 hakaton, 8 inkubasiya proqramı, 4 regional “Demo Day” tədbiri baş tutub. Ümumilikdə bütün tədbirlərdə 2000-dən çox şəxs iştirak edib.
Sədr vurğulayıb ki, hakatonlar çərçivəsində 116 komanda innovativ ideyalarını və MVP-lərini təqdim edib və onlardan 24 MVP-li layihə ümumilikdə 60 000 AZN məbləğində mükafat fondu əldə edib. Sözügedən komandalardan 35-i inkubasiya proqramlarına cəlb olunub, yekun olaraq 29 MVP formalaşdırılıb, 1 komanda isə “Startap şəhadətnaməsi“ əldə edib. Hazırda 17 komanda bugünkü “Demo Day” tədbirində çıxış edərək layihələrini təqdim edəcək.
“Təlimçi və mentor hazırlığı (ToT) proqramı çərçivəsində 18 yeni mentor yetişdirilib. Layihə sayəsində mərkəzi icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, dövlət və özəl təşkilatlar, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri, peşə təhsili mərkəzləri ilə əməkdaşlıqlar qurulub və regional nümayəndəliklər formalaşdırılıb. Bu da öz növbəsində regionlarda Agentliyin təşəbbüsü ilə yaradılacaq innovasiya mərkəzlərinin işinə və dayanıqlı regional innovasiya ekosisteminin qurulmasına mütərəqqi töhfə verib”, - deyə Fərid Osmanov əlavə edib.