FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Bakı, 24 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 25-dən 26-sı səhərədək respublika ərazisində arabir güclü külək əsəcəyi proqnozlaşdırılır ki, bununla əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqununun yaranma ehtimalı var.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd olunanları nəzərə alaraq, nazirlik xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı və üzərində müvafiq rabitə vasitəsi (mobil telefon və s.) götürməyi, nabələd olduqları məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, hava qaralana kimi mütləq yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edir.