FHN-in Akademiyasında “Heydər Əliyev Məktəbinin lektoriyası”nın növbəti məşğələsi keçirilib
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə “Heydər Əliyev Məktəbinin lektoriyası” çərçivəsində toplantı keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, lektoriyanın qonağı Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı olub.
Əvvəlcə tədbir iştirakçıları Akademiyanın həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Dövlət himninin səslənməsi ilə başlanan toplantıda çıxış edən Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, Heydər Əliyev şəxsiyyətinin dövlətçiliyimizin tarixində xüsusi yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynayıb. Dövlətimizin güclənməsinin, ordu quruculuğunun, respublikamızda ictimai-siyasi vəziyyətin sabitləşməsinin, sosial-iqtisadi nailiyyətlər qazanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu söyləyən P.Süleynmanov Heydər Əliyevin şərəfli həyat yolunun hər bir vətəndaş üçün böyük örnək olduğunu diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndərin xatirəsini əbədiləşdirmək, onun nəzəri irsini, siyasi fəaliyyətini öyrənmək, təbliğ etmək, Akademiya əməkdaşlarının və hər birimizin ən ümdə vəzifəsidir.
Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Heydər Əliyevin xilaskarlıq rolundan bəhs edən deputat bildirib ki, Ümummilli Liderimiz bütün həyatını və fəaliyyətini xalqımıza, onun tərəqqisinə və xoşbəxtliyinə həsr edib. O, müdrik siyasi xadimin zəngin dövlət idarəçiliyi təcrübəsinin, siyasi irsinin əhəmiyyətini diqqətə çatdırıb, dahi rəhbərin ideyalarının əbədi yaşayacağını vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin mütərəqqi siyasətinin davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan gündən-günə inkişaf edərək, dünyanın lider dövlətlərindən birinə çevrilib.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyev haqqında sənədli film nümayiş olunub.