“FİKİR ANTOLOGİYASI” SERİYASINDAN NÖVBƏTİ KİTAB ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Zəkioğlu” nəşriyyatı Fridrix Nitsşenin “Hakimiyyət əzmi: bütün dəyərlərin yenidən qiymətləndirilməsi təcrübəsi” kitabını buraxmışdır. Nəşrə dahi alimin “Yolçu və kölgəsi” əsəri də daxil edilmişdir.
Nəzəri-fəlsəfi əsər olan “Hakimiyyət əzmi”ndə filosof qəribə olduğu qədər fərqli, insan təfəkkürünün üfüqlərini genişləndirən fikirləri çox qabardır. Burada nihilizm, dekadansın mahiyyəti, əxlaq, ağıl, şüur, iradə, hökmranlıq, güc, habelə ideal, reallıq, zəiflik və s. kimi məsələlər, kateqoriyalar geniş fəlsəfi şərhini tapmışdır.
Üç kitabdan ibarət əsərdə Avropa nihilizmi araşdırılır, əxlaqi qiymətlərin yaranmasından, əxlaqi idealdan, həqiqət və yalandan, təbiətdə hakimiyyət əzmindən söz açılır, fəzilətin üstünlüyünü necə təmin etməli sualına cavab verilir, idrakın və məntiqin mənşəyinə nüfuz edilir, şüur haqqında fikirlər şərh olunur.
“Tam olmasa da, imkan dərəcəsində bütün zəruri tələbatlarını ödəmək ruh və şəxsiyyət azadlığına can atma əlamətidir. Lakin çoxlu izafi tələbatlarını mümkün qədər çox təmin etmək cəhdi artıq qeyri-azadlığa dəlalət edir”, “Həqiqətin xoşagələn bir formada deyilməsi heç də hamının xoşuna gəlmir, lakin qoy heç kəs fikirləşməsin ki, xoşagəlməz tərzdə deyildikdə yanlışlıq həqiqət ola bilər”. Hər iki sitat qeyri-adi düşüncə tərzinə malik filosofun “Yolçu və kölgəsi” əsərindən götürülmüşdür. Əsər 350 belə aforizmdən ibarətdir.
Dünya fəlsəfəsi korifeylərinin əsərlərindən ibarət 100 cildlik “Fikir antologiyası” seriyasından bu səkkizinci kitabı rus dilindən Şakir Qurbanov və Yusif Rəhimoğlu çevirmişlər.
Layihənin redaktoru Qardaşxan Əzizxanlıdır.
######
