Filippin hökuməti ölkəyə girişə qadağanın müddətini iyunun ortalarınadək uzadıb
Tokio, 1 iyun, AZƏRTAC
Filippin sərhədləri Hindistan, Pakistan, Şri-Lanka, Banqladeş, Oman və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələnlər üçün iyunun 15-dək bağlı qalacaq.
AZƏRTAC Filippin KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Filippin Prezidentinin rəsmi nümayəndəsi Qarri Roke bəyan edib.
Q.Roke bildirib ki, Filippin Prezidenti Rodriqo Duterte koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə məhdudiyyətlərin uzadılmasını bəyənib.
Xatırladaq ki, əvvəlcə hökumət bu yeddi ölkədən gəlişə mayın 31-dək qadağa tətbiq etmişdi.
Bununla yanaşı, Filippin hökuməti aprelin 29-dan koronavirusa yoluxma halının kəskin artması səbəbindən Hindistana səfərləri də qadağan edib. Sonradan bu qadağa Banqladeş, Nepal, Pakistan və Şri-Lankadan olan səyyahlara da şamil edilib.
Filippin, həmçinin mayın 15-dən başlayaraq Oman və BƏƏ-dən gələn filippinli işçilərdə koronavirus testləri müsbət olduqdan sonra bu ölkələrə gedişi qadağan edib.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Filippində koronavirusa yoluxanların ümumi sayı 1 milyon 230 mini ötüb, 21 minə yaxın həyatını itirən var.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio