FİLOSOFLAR GÖRKƏMLİ SİYASİ VƏ DÖVLƏT XADİMİHEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ ANMIŞLAR
Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
İnstitutun direktoru, fəlsəfə elmləri doktoru, professor Yusif Rüstəmov mərasimi açaraq, yeni Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti barədə geniş nitq söyləmişdir.
İnstitutun direktor müavini, hüquq elmləri doktoru Bəhram Zahidov, politologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Əlikram Tağıyev, fəlsəfə elmləri doktoru Azər Mustafayev, tarix elmləri doktoru Həsən Əlibəyli, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, aparıcı elmi işçi Habil Həmidov, məktəbin məsul katibi, elmi işçi Sənan Həsənov məruzələrlə çıxış etmiş, ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı sahəsində həyata keçirdiyi möhtəşəm işlərdən danışmış, dahi şəxsiyyətin siyasi fəaliyyətinin müxtəlif istiqamətlərindən söhbət açmışlar.
“Heydər Əliyev məktəbi”nin üzvləri - politologiya şöbəsinin elmi işçiləri Əli İbrahimov, İbrahim Ağayev, Kamran Məmmədov, Şahin Bağırov, Elşad Həsənov, Telman Quliyev, Kəmalə İsmayılova, Kamilə Qasımova, Gülnarə Vəliyeva və başqaları çıxış edərək, müdrik siyasi xadim Heydər Əliyevin dövlətçiliyimizin tarixində misilsiz rolunu qeyd etmiş və ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
Anma mərasiminin iştirakçıları Fəxri xiyabana gələrək, ulu öndərin xatirəsini anmış, məzarı önünə gül dəstələri düzmüşlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri qoyulmuşdur.